Gəncə Dövlət Filarmoniyasinda Məmmədağa Umudovun müəllif gecəsi baş tutub - FOTO

5 May 2025 17:25

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudovun "Qarabağ Azərbaycandır" adlı müəllif gecəsi keçirilib. 

Gecədə tədbirin ideya müəllifi, Qabaqcıl Təhsil işçisi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və aparıcı konsertmeysteri Svetlana Əhmədova, professor, "Etnomusiqişünaslıq" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış ediblər. 

Məmmədağa Umudov ona ünvanlanan sualları cavablandıraraq maraqlı fikir mübadiləsi zamanı öz yaradıcılıq yolundan, müəllifi  olduğu "Qarabağ Azərbaycandır", "İncinin arzuları", "Qələbəyə doğru" əsərlərindən, "Prelüdlər"in yaranmasından söhbət açıb.

Sözügedən əsərləri Respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan  Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının konsertmeysterləri Rəna İmanova (fortepiano), Aysel Şahbazlı, magistr Samir Əsədli (tar),  AMK- nın nəzdində İncəsənət Gimnaziyasının şagirdi Cəlalə İsmayılzadə (violonçel)  səsləndirib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az