Sakinlər şikayət etdi - Avtobusun əvəzinə "Qazel" verdilər - AÇIQLAMA - FOTO

5 May 2025 13:05

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığından narazıdır. Gündəlik istifadəçilər bildirirlər ki, pik saatlarda avtobuslara minmək mümkünsüzdür, nəqliyyat vasitələrinin sayı və növü tələbatı ödəmir.

Sakinlər Milli.Az-a açıqlamasında qeyd edirlər ki, avtobus "Qazel" marakalı daha kiçik həcmli avtomobillə əvəz edilib.  

Əhali bu avtobusun daha böyük versiyasını gözləyərkən qarşılaşdıqları mənzərə onları təəccübləndirib. 

Məsələ ilə bağlı AYNA-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə 158 nömrəli marşrut xətti üzrə müsabiqə keçirilib və mayın 1-dən yeni daşıyıcı müasir və komfortlu avtobuslarla sərnişinlərə xidmət göstərir. 

Xocəsən qəsəbəsini "Memar Əcəmi" metrostansiyası ilə əlaqələndirən marşrut xətti üzrə gündəlik 8 avtobus 10 deqiqə intervalla fəaliyyət göstərir.

AYNA tərəfindən təhlillər aparılacaq və sərnişin tələbatı yaranacağı təqdirdə, daşıyıcıya xəttə əlavə avtobusların cəlb edilməsi tapşırılacaq.

Aysel Əkbər
Milli.Az