"Bakı Marafonu 2025"in qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, mükafarlandırma iki kateqoriyada olub.
Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıb.
"Küləyə qalib gəl" şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.
Finiş xəttini keçən ilk 2000 iştirakçı da "Bakı Marafonu 2025"in medalları ilə mükafatlandırılıb. Bununla yanaşı, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, marafona 400-dən çox könüllü cəlb edilib. Regionlardan 500 nəfər RİİB (Regional İnkişaf İctimai Birliyi) könüllüsü isə iştirakçı kimi marafona qatılıb.
Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında "Gənc ol" (Azercell), eləcə də "Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı", "Finiş xəttini ilk keçən korporativ iştirakçı" nominasiyalarında da mükafatlar təqdim edilib.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılıb. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib, sevimli ifaçıların iştirakı ilə musiqili proqram təşkil olunub.
Milli.Az