Hazırda UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizə aparan Paris Sen-Jermen klubunda ciddi struktur dəyişikliyi gözlənilir. Komandanın son illərdəki transfer strategiyasının baş memarı sayılan Luiş Kampuşun klubdan ayrılmaq ehtimalı artıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Get French Football News" yayıb.
Məlumata əsasən, PSJ-nin 2022-ci ildən bu yana idman direktoru vəzifəsində çalışan portuqaliyalı funksioner ilə klub rəhbərliyi arasında aparılan müqavilə uzadılması danışıqları nəticəsiz qalıb və proses dalana dirənib.
Kampuşun transfer siyahısında kimlər olub?
Luiş Kampuşun rəhbərliyi dövründə PSJ heyətinə Usman Dembele, Bredli Barkola, Dezire Due, Vitinya və Joau Neveş kimi istedadlı futbolçular cəlb olunub. Lakin onun Paris təmsilçisi ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır və görünən odur ki, tərəflər yeni anlaşma əldə edə bilməyib.
Əsas namizəd artıq bəllidir
PSJ rəhbərliyi Kampuşun mümkün gedişi halında onun yerini kimin tutacağını da müəyyənləşdirib. Belə ki, 2017-2019-cu illər aralığında klubun idman direktoru olmuş və uğurlu fəaliyyət göstərmiş Antero Enrike əsas namizəd kimi önə çıxır. Mənbənin məlumatına görə, Enrike PSJ-yə dönüşə prinsipial razılıq verib.
PSJ-də hədəf: Çempionlar Liqasının finalı
Xatırladaq ki, PSJ yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Arsenal" üzərində 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə 7 may tarixində Parisdə baş tutacaq. Fransa nəhəngi tarixində ilk dəfə olaraq bu mövsüm Çempionlar Liqasının qalibi olmağı hədəfləyir.
Xəyal Abdullayev
Milli.Az