1990-cı illərin əvvəllərindən başlayaraq, Rusiya özünü postsovet ölkələri ilə "xüsusi münasibətlərə" sadiq dövlət kimi təqdim edir. Kreml ard-arda "strateji tərəfdaşlıq", "slavyan qardaşlığı", "Avrasiya birliyi" və "əsrlər boyu formalaşmış mədəni bağlar" kimi ritorik formullu bəyanatlarla çıxış edir. Fəqət belə gurultulu, pafoslu bəyanatların arxasında aqressiv, impulsiv və öncədən təxminolunmaz xarici siyasət elementləri mövcuddur.
Həmin siyasətsə sabiq sovet respublikaları ilə Moskva arasında etimad körpülərini qurmaqdan daha çox onları sarsıtmaq məqsədi güdür.
Bu gün həmin ikili standartlar artıq göz önündədir: "tərəfdaşlıq" maskası altında Rusiya hədə-qorxu gəlmə, ayrı-seçkilik, kiberhücumlar, iqtisadi təzyiqlər, təxribatçı təbliğat və hətta açıq-aşkar təhqirlərlə çıxış edir. Hədəf bəllidir: Kremlin hələ də öz "təsir dairəsi" hesab etdiyi ölkələrin vətəndaşları və rəsmi nümayəndələri.
Moskvada hava limanında saxlanılan və Həştərxana rəsmi səfərə buraxılmayan Azərbaycan Milli Məclisinin deputatı Azər Bədamovun başına gələn hadisə təbii ki, təsadüf deyil. Halbuki onun səfəri Rusiya tərəfinin təşəbbüsü və razılığı ilə təşkil olunmuşdu. Bu biabırçı insident yalnız inzibati xaosu deyil, Rusiya ilə postsovet ölkələri arasında mövcud olan sistemli böhranı - hörmətsizlik, etinasızlıq və Moskvanın artan ksenofobiyasını üzə çıxardı.
İki onillikdən artıqdır ki, Rusiya postsovet məkanında özünə xas "xüsusi münasibətlər arxitekturası" qurmağa çalışır. SSRİ-nin dağılmasından sonra Kreml yeni inteqrasiya formatları təklif etdi: MDB, daha sonra Avrasiya Gömrük İttifaqı (AGİ), Avrasiya İqtisadi İttifaqı (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ikitərəfli sazişlər. Kağız üzərində - tərəfdaşlıq, reallıqda isə - sərt nəzarət, tərəfdaşlara sürəkli təzyiqlər, onlara yuxarıdan aşağı baxmaq...
Moskva regionun "cazibə mərkəzi" roluna iddialıdır və qonşularından sadiqlik tələb edir, lakin qarşılığında qarşılıqlı hörmət göstərmir. Postsovet ölkələrinin istənilən şəkildə müstəqil xarici siyasət yürütmək cəhdləri "xəyanət" kimi qəbul olunur və aqressiv reaksiya doğurur - iqtisadi sanksiyalar və informasiya kampaniyalarından tutmuş daxili işlərə müdaxilə, hərbi təxribatlar və hətta birbaşa hücumlara qədər: Gürcüstan (2008), Ukrayna (2014 və 2022) və Moldova (Dnestryanı) buna sübutdur.
Azərbaycan parlamentinin üzvü Azər Bədamovun Həştərxanda keçirilən, ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbirdə iştirakı planlaşdırılmışdı. Bu tədbir Rusiya tərəfinin təşəbbüsü ilə keçirilirdi və Azərbaycanın rəsmi nümayəndə heyətinin iştirakı həm xoş niyyət, həm də ortaq tarixə verilən dəyər kimi qiymətləndirilirdi.
Amma Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.
Halbuki "Rusiyaya giriş qadağası" ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdi. Bu diplomatik təhqir Azərbaycanda sadəcə təəccüb deyil, həm də haqlı qəzəb doğurdu. Hadisə nəinki protokolu, həm də beynəlxalq münasibətlərdə elementar etik qaydaları pozur - xüsusilə də Rusiya kimi "strateji tərəfdaş" kimi təqdim olunan ölkə tərəfindən.
Bəs niyə məhz Azər Bədamov? Cavab açıq-aşkardır: o, bir müddət əvvəl Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycan xalqını təhqir edən açıqlamalarına qarşı sərt, lakin etik çərçivədə tənqid səsləndirmişdi. Valuyevin fikirləri təkcə Azərbaycanda deyil, Rusiyanın özündə də sağlam düşüncəli şəxslər tərəfindən birmənalı şəkildə rədd edilmişdi. Ancaq rəsmi Moskva nə üzr istədi, nə məsafə saxladı. Əvəzində - cəza, repressiya, sükut və kinayə.
Bu isə artıq əməkdaşlıq deyil. Bu - siyasi qisasçılıqdır.
Çağdaş Rusiya artıq illərdir ki, postsovet ölkələrinin vətəndaşlarının hüquqlarının ardıcıl şəkildə pozulduğu bir ölkəyə çevrilib. Ən narahatedici məqam isə odur ki, bu proses dövlətin susqun müşahidəsi və bəzən də dolayısı təşviqi ilə müşayiət olunur. Sosial şəbəkələrdə tüğyan edən ksenofobiya və etnik şovinizm artıq qanunvericilikdə, miqrasiya siyasətində və güc strukturlarının gündəlik fəaliyyətində açıq şəkildə əksini tapır. Bu ayrı-seçkiliyin ən bariz qurbanları isə Mərkəzi Asiya və Cənubi Qafqazdan olan əmək miqrantlarıdır.
Özbəkistan, Tacikistan və Qırğızıstandan olan milyonlarla insan Rusiyada tikinti sahələrində, kommunal xidmətlərdə və logistikada çalışır. Lakin onlar son vaxtlar daha çox təhqiredici yoxlamalara, kütləvi deportasiyalara və qəfil basqınlara məruz qalırlar. 2025-ci ilin martında FSB-nin "terror təhlükələri" ilə bağlı verdiyi növbəti açıqlamadan dərhal sonra təkcə Moskva ətrafında 12 minə yaxın əmək miqrantı saxlanıldı. Heç bir hüquqi əsas göstərilmədən yüzlərlə insan məhkəmə qərarı olmadan ölkədən çıxarıldı.
Təsadüf deyil ki, bu praktika həmin ölkələrin hökumətləri öz xarici siyasətlərini diversifikasiya etməyə başladıqdan sonra sistemli xarakter almağa başladı. Məsələn, 2025-ci ilin yanvarında Özbəkistan prezidentinin Pekinə etdiyi rəsmi səfərdən sonra Rusiya mətbuatında antimiqrant isteriyası baş qaldırdı və eyni vaxtda Moskvada və Sankt-Peterburqda özbək diasporlarına qarşı kütləvi yoxlamalar aparıldı.
Bu şəraitdə ayrı-seçkilik artıq məişət rasizminin deyil, siyasi təzyiqin bir alətinə çevrilib. Rusiya açıq şəkildə mesaj verir: Çinlə, Türkiyə ilə və ya Qərblə yaxınlaşma, hətta elementar müstəqil qərarvermə cəhdi belə cəzalandırılacaq. Bu əməkdaşlıq deyil - bu, vassal münasibətidir.
Bütün bu fonda Moskvanın milli icmalara qarşı selektiv münasibəti xüsusilə qabarıq nəzərə çarpır. Əgər azərbaycanlılara, qazaxlara və özbəklərə qarşı tez-tez repressiv yanaşma tətbiq olunursa, Rusiya ərazisindəki erməni diasporası bu tendensiyadan kənarda qalır və demək olar ki, toxunulmaz statusa malikdir - özü də Ermənistanla Moskva arasında münasibətlər gərginləşdiyi bir vaxtda.
Rusiya daxilində fəaliyyət göstərən erməni ictimai təşkilatları misli görünməmiş dəstək alır. Onların liderləri mütəmadi olaraq Rusiya hökumətinin yüksək rütbəli nümayəndələri ilə görüşür, maliyyə və siyasi baxımdan himayə olunur. Hətta Ermənistanın rəsmi xətti getdikcə Qərbə - Avropa İttifaqı sammitlərində iştiraka, Rusiyanın əleyhinə beynəlxalq səsvermələrə və NATO infrastrukturunun dəstəklənməsinə yönəlsə də, Rusiya erməni təşkilatlarına toxunmur.
Bu seçim təsadüfi deyil. Rusiya erməni amilini Cənubi Qafqazda təsir vasitəsi olaraq saxlamaqda maraqlıdır. Diasporaya göstərilən dəstək - bu, Kreml üçün siyasi "beşinci kolon"a yatırılan sərmayədir. Ermənilər, kollektiv subyekt kimi, Rusiya üçün hələ də vacib alətdir - istər Qarabağ məsələsində, istər İranda, istər Suriyada, istərsə də Livanda. Moskva onları regionda öz mövqelərini qorumaq üçün fəal şəkildə istifadə edir.
Bunun fonunda azərbaycanlı deputatın saxlanılması sadəcə insident deyil - bu, məqsədli siyasi mesajdır: Kreml özünü idarə etməyə çalışanları cəzalandırır, özünü istifadə etdirməyə razı olanları isə mükafatlandırır.
Bu ilin aprelində Azərbaycanın kibertəhlükəsizlik xidmətləri dövlətin rəqəmsal infrastrukturuna qarşı həyata keçirilmiş məqsədyönlü hücumların geniş miqyasını rəsmən təsdiqlədi. Zərər çəkmiş obyektlər sırasında bir neçə dövlət portalı, televiziya kanallarının serverləri, eləcə də enerji sektoruna bağlı kommunikasiya sistemləri yer alırdı.
Aparılan texniki araşdırmalar göstərdi ki, hücumlar Rusiyanın yurisdiksiyası altında olan hostinqlərlə əlaqəli IP ünvanlardan həyata keçirilib. Hücumlarda istifadə olunan texniki alətlər daha əvvəl Rusiya xüsusi xidmət orqanları - xüsusilə GRU ilə əlaqələndirilmişdi. Moskva tərəfindən diplomatik səviyyədə səssizlik qorunsa da, texniki izlər və sübutlar hücumun koordinasiyalı şəkildə həyata keçirildiyini ortaya qoydu.
Bəs bu, əgər dövlətin suverenliyinə qarşı informasiya təcavüzü deyilsə, nədir?
Kiberhücumlar - müasir dövrün "sakit müharibə" forması - Kremlin əlində rahat və anonim alətə çevrilib. Onlar nə müharibə elanını tələb edir, nə açıq iz buraxır, lakin strateji cəhətdən ciddi ziyan vurur: etimadı sarsıdır, dövlət institutlarını zəiflədir və daxili gərginlik yaradır.
Beynəlxalq tribunlarda Rusiya hələ də "çoxqütblü dünya", "ədalətli nizam" və "neokolonializmdən imtina" kimi şüarlar səsləndirir. Lakin bu ritorikanın fonunda reallıq tamamilə əks istiqamətdə inkişaf edir. Moskva özü bu gün yeni dövrün kolonializmini həyata keçirir - qorxu, asılılıq və xaos üzərindən nəzarət.
Postsovet məkanında Rusiyanın diplomatiyası hələ də "parçala və hökm sür" prinsipinə əsaslanır. Kreml etnik və siyasi ziddiyyətləri qızışdırır, radikal qrupları dəstəkləyir, medianı və sosial şəbəkələri manipulyasiya edərək ictimai rəyə təsir göstərir.
Rusiya dövlət mediası, Kremlə "sətiraltı itaət" göstərmək istəməyən ölkələrin hökumətlərini hədəfə alır. Bu baxımdan, Qazaxıstan bariz nümunədir: Prezident Tokayevin müasirləşmə və çoxqütblü siyasət yürütmə səyləri - istər ABŞ-la, istər Çinlə, istərsə də Türkiyə ilə balans yaratma cəhdləri - dərhal "rus dünyasına təhdid" kimi qələmə verilir. Cavab isə gecikmir: rəsmi media "nasisizm", "rusofobiya" və hətta ölkənin şimalında "separatizm təhlükəsi" barədə xəbərləri tirajlayır.
2024-cü ilin fevralında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarənin vurulması ilə nəticələnən faciəvi hadisə Bakı ilə Moskva arasında münasibətlərdə ən təhlükəli siqnallardan birinə çevrildi. Lakin Kremlin reaksiyası - tam susqunluq oldu. Heç bir üzr, heç bir rəsmi açıqlama.
Hadisənin ilk anlarından etibarən Rusiya strukturları açıq şəkildə "bilməməzlik" və "məlumatsızlıq" mövqeyi sərgilədi. Hətta bir neçə yüksək rütbəli rəsmi "heç bir insidentdən xəbərdar olmadıqlarını" iddia etdi - baxmayaraq ki, hadisənin videogörüntüləri, peyk şəkilləri və şahid ifadələri açıq şəkildə ortada idi.
Amma bu susqunluğun özü də bir bəyanatdır. Bu, Rusiya tərəfindən nümayişkaranə şəkildə sərgilənən hörmətsizlikdir. Və bu hörmətsizlik - şüurlu alçaltmadır.
Əgər bu cür hadisə Ermənistana və ya Belarusa qarşı baş versəydi, Kreml dərhal reaksiya verərdi. Amma söhbət Azərbaycandan gedirsə - Moskva sanki demək istəyir: "Cavab tələb etmək sizin haqqınız deyil." Bunu isə guya "strateji tərəfdaşlıq" çərçivəsində təqdim etmək, açıq-aşkar ikiüzlülükdür.
Belə bir vəziyyətdə təbii sual doğur: bu gərginlik kimin marağındadır? Cavab aydındır - Rusiyanın. Moskva hələ də Cənubi Qafqazda nəzarət alətlərini itirmək istəmir, Azərbaycanın beynəlxalq subyektivliyini zəiflətmək, Türkiyə, İsrail və Qərb ölkələri ilə əlaqələrini pozmaq istəyir. Bu isə artıq gizli deyil - açıq-aşkar təzyiq strategiyasıdır.
Zahirdə Rusiya Pravoslav Kilsəsinin başçısı patriarx Kirilin 2025-ci ilin aprelində Azərbaycana səfəri sülh və xoş niyyət jesti kimi təqdim olundu. Patriarx yüksək səviyyədə qarşılandı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüş keçirildi. Dialoqlarda dini tolerantlıq, pravoslav icmasına qayğı, qarşılıqlı hörmət və tarix boyu birgəyaşayışdan danışıldı.
Ancaq rəsmi və rəmzi səfərdən az müddət sonra Azərbaycan deputatı Azər Bədamovun Moskvada saxlanılması baş verdi. Bu insident təkcə etimad ab-havasını pozmadı - o, əslində, bütün xoşməramlı niyyətlərin altını xətt çəkdi.
Kirilin səfəri - vitrin idi. Bədamovun saxlanılması isə - Rusiyanın əsl niyyəti və siyasi davranış kodudur. Problem ondadır ki, artıq bu ikili oyunlar işləmir - region ölkələri zahiri görüntü ilə real mahiyyəti bir-birindən ayırmağı çoxdan öyrənib.
Rusiya hələ də israrla bəyan edir ki, postsovet məkanında sabitliyə, mehriban qonşuluğa və inteqrasiyaya çalışır. Amma Kremlin əməlləri - dağıdıcı davranış, imperial təkəbbür və etimadsızlığı qızışdıran sistemli siyasətdən başqa bir şey deyil.
Azər Bədamovun saxlanılması - sadəcə protokol pozuntusu deyil, açıq təhqirdir. Bu hadisə - lakmus kağızı kimi, Moskvanın artıq nəinki müttəfiqlərə, ümumiyyətlə, heç bir qonşunun suverenliyinə və ləyaqətinə hörmət etmədiyini göstərir.
Miqrantlara qarşı ayrı-seçkilik, kiberhücumlar, erməni radikallarına açıq himayə, siyasi şantaj, vacib məsələlərə səssizlik - bütün bunlar yeni bir reallıq formalaşdırır. Bu reallıqda Rusiya sabitliyin zəmanətçisi deyil, sabitliyin pozucusudur.
Bu gün artıq aydındır: Rusiyanın təklif etdiyi "dostluq" - anlayışlara əsaslanan "dostluq"dur. Hədə-qorxu, alçaltma, qisas və manipulyasiya ilə bəzədilmiş dostluq. Lakin bu region müharibələrdən, işğallardan, təzyiqlərdən və təbliğatdan keçib. İndi o, immunitet qazanıb. Artıq sözlərə yox, əmələ baxır.
Əgər Rusiya bu xətti dəyişməsə - təkcə təsir dairəsini deyil, bütövlükdə öz nüfuzunu, hətta sadəcə "mədəni dövlət" kimi qəbul olunma şansını da əbədi itirə bilər.
Elçin Alıoğlu
Trend