17:02
Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" təşkil edilib.
Trend xəbər verir ki, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
"Küləyə qalib gəl" şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynali Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Artıq 8-ci dəfədir təşkil olunan Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə, marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr- Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.
Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edib.
2016-cı ildən təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 kilometrlik məsafəni əhatə edib. Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.
10:39
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" start götürüb.
Trend xəbər verir ki, iştirakçılar Bayraq meydanından yarışa başlayıblar.
Məlumat üçün bildirək ki, "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2025" üçün bu il rekord sayda - 28 minədək iştirakçı qeydiyyatdan keçib.
"Küləyə qalib gəl"ənlər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən qoşulanlar da var. Yürüşdə fiziki imkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirak edirlər.
Marafon iştirakçıları qaçış zolağında kişi və qadın kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparırlar. Bununla yanaşı, finişə çatan ilk 2 min iştirakçıya medallar, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında yerləşir. Marşrut Dənizkənarı Bulvar, Neftçilər prospekti, Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Üzeyir Hacıbəyli küçəsi, Bayıl dairəsi və Bibiheybət yolu kimi paytaxtın əsas küçə və prospektlərini əhatə edəcək.
Marafon 21 kilometr məsafəni əhatə edəcək. Peşəkar atletlər bu məsafəni təxminən 1 saat 15 dəqiqəyə, həvəskar iştirakçılar isə 2-3 saat ərzində qət edə bilirlər. Buna görə də marafonun ümumi davametmə müddəti iştirakçıların fərdi sürətindən asılı olaraq dəyişəcək.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncə zonası da yaradılıb. Burada əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.
Milli.Az