2024-cü ilin ən çox ziyan gətirən filmi bəlli oldu

4 May 2025 10:57

2024-cü ildə ən çox maliyyə itkisinə səbəb olan filmlərin siyahısı açıqlanıb.

Milli.Az xəbər verir ki, "Deadline" nəşrinin məlumatına görə, ilin "ən zərərli" kino layihəsi "Joker: İki nəfər üçün dəlilik" (Joker: Folie à Deux) filmi olub.

Xoakin Feniks və Ledi Qaqanın baş rollarını paylaşdığı, rejissor Todd Fillipsin quruluş verdiyi ekran işi Warner Bros studiyasına 144,25 milyon dollar ziyan vurub. Filmin istehsalına təxminən 200 milyon dollar vəsait xərclənsə də, kassada gözlənilən nəticə əldə olunmayıb.

Tənqidçilər və tamaşaçılar filmin musiqili formatını, süjet xəttini və tonunu əvvəlki "Joker"lə müqayisədə daha zəif hesab ediblər. Bu da ekran işinin kommersiya uğursuzluğuna səbəb olub.

Ən çox zərər gətirən ilk 5 film isə belə sıralanır:

"Joker: İki nəfər üçün dəlilik" - 144,25 milyon dollar zərər

"Furiosa: A Mad Max Saga" - 119,6 milyon dollar zərər

"Borderlands" - 80 milyon dollar zərər

"Megalopolis" - 75,5 milyon dollar zərər

"Kraven the Hunter" - 71 milyon dollar zərər

Qeyd edək ki, 2019-cu ildə ekranlara çıxan ilk "Joker" filmi dünya üzrə 1 milyard dollardan çox gəlir gətirmişdi və həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən yüksək dəyərləndirilmişdi. Davam filminin isə bu qədər böyük zərərə səbəb olması, tamaşaçı gözləntilərinin və janr dəyişikliklərinin kino sənayesində necə riskli ola biləcəyini göstərir.

Kənan
Milli.Az