Bakıda 3 May Türkçülük Günü münasibәtilә "Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi'' adlı panel keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin tәşkilatçılığı ilә Heydər Əliyev Mərkəzində baş tutub.
Paneldə Azərbaycan, Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət olunan nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, panel ortaq gələcəyimizin strateji təməllərini müzakirə etmək üçün çox önəm daşıyır:
"Türk dövlətləri ortaq hədəflər istiqamətində çalışmaqdadır. Münaqişənin yox, daha çox sülhün təcəssüm etdiyi bölgə inşa etmək istəyirik, qlobal problemlərə ortaq həll yolları tapmaq üçün çalışırıq. Türk dünyası beynəlxalq münasibətlər sistemində daha təsirli hala gəlməlidir".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, 2025-ci ilin sonunda Qazaxıstan-Azərbaycan QHT-lərinin və Türk Dövlətləri Təşkilatında təmsil olunan QHT-lərin iştirakı ilə "Türk Dünyasının birliyində Vətəndaş cəmiyyətinin rolu" adlı beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır.
"Türk Dövlətlərinin birgə səyləri ilə nəinki Cənubi Qafqaz, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr həyata keçiriləcək, bölgədə sülh, təhlükəsizlik, ədalət və rifah daha da möhkəmlənəcək", - deyə A.Əliyeva fikrini tamamlayıb.
Daha sonra paneldə spikerlər Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlı, Qazaxıstan Türk Akademiyası direktorunun köməkçisi Askhat Kessikbayev, Qırğızıstanın millət vəkili Dastanbek Dzhumabekov, Özbəkistanın İnkişaf Strategiyası Mərkəzinin xarici siyasət və təhlükəsizlik sahəsindəki islahatların təhlili və monitorinqi şöbəsinin müdiri Farrukh Khakimov, Şipali Kipr Prezidentinin müşaviri Gökhan Güler, TDT Macatıstan nümayəndəliyi icra direktoru Balazs Hendrich mövzu ətrafında çıxışlar edərək öz fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.
Milli.Az