Türkiyə millisinin və "Fənərbağça" klubunun sabiq futbolçusu Alper Potuk iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli liqanın 29-cu həftəsində "Qostivar" "Rabotniçki"ni qəbul edib.
Meydan sahibləri matçın 67-ci dəqiqəsində Li Ervinin hesabına önə keçib. Ervin 76-cı dəqiqədə birbaşa qırmızı vərəqə alıb. 79-cu dəqiqədə Angelovla hesabı bərabərləşdirən qonaqlar 84-cü dəqiqədə Delayın qolu ilə önə keçiblər.
"Qostivar" futbolçuları bu qoldan sonra hakimə kəskin etiraz ediblər.
"Qostivar"da çıxış edən Alper Potuk komanda yoldaşlarına meydanı tərk etmək barədə göstəriş verib. Bundan sonra futbolçular meydandan ayrılıblar.
Makedoniya Futbol Federasiyası bu hərəkətdən sonra "Qostivar" klubuna ağır cəza verib.
Federasiyanın bu gün açıqladığı cəzalara əsasən, Türkiyə millisinin və "Fənərbağça"nın sabiq üzvü Alper Potuk, komandanın prezidenti Enes Usta və baş məşqçi Blajo Panov iki il futboldan uzaqlaşdırılıblar.
Federasiyanın cəzaları bununla da bitməyib. Klub 10 oyunluq cəza ilə yanaşı, meydandan çəkildikləri üçün 2500 avro və meydançada baş verən insidentlərə görə 5000 avro cərimə olunub. Bundan əlavə, meydanı tərk edən hər bir oyunçu 500 avro cərimələnib.
Milli.Az