Milli.Az xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
---------------
2025.05.02
Bu gün saat 18:00-19:00 radələrində paytaxt sakini Babayeva Şərafət Azad qızı yaşadığı evdə bıçaqlı hücuma məruz qalıb.
Bununla bağlı zərərçəkmiş Şərafət Babayeva Bakues.az-a şikayət məktubu ünvanlayıb.
Onun sözlərinə görə, təxminən 3-4 gün əvvəl ayrıldığı sevgilisi Əhmədov Murad Ələddin oğlu yaşadığı evə pəncərədən daxil olaraq ona və anasına xəsarət yetirib:
"Murad Əhmədovla ayrılandan sonra çevrəmdəki insanları narahat etməyə başladı ki, bizi görüşdürün. İstəyinə nail ola bilməyəndən sonra bu gün dostu ilə yaşadığım evə gəldi. Qapını açmağım üçün 2 saat qapını döydü. Lakin qapımız möhkəm olduğu üçün sındıra bilmədi. Biz 6-cı mərtəbədə qalırıq. Qapını sındıra bilməyəndən sonra binanın koridorunda olan pəncərədən evimizə dırmaşdı. Evə daxil olandan sonra telefonumu əlimdən almaq istədi, mən isə vermədim. Bundan sonra mətbəxdəki bıçağı əlinə götürdü. Telefonu verməsəm, ya məni, ya da özünü öldürəcəyini dedi. Bıçağı almaq istəyəndə əlimə batırdı ki, telefonunu verəcəksən".
Xanım iddia edir ki, oğlanın babası Oqtay Atakişiyev Müdafiə Sənayesi Nazirliyində vəzifəli şəxsdir. "Babasına güvənərək, ona heç kimin heç nə edə bilməyəcəyini deyir" - deyə qadın bildirib.
Zərərçəkmiş qadın üzləşdiyi hücumla bağlı 19-cu Polis Bölməsinə müraciət etdiyini qeyd edib. O, hadisənin tam şəkildə araşdırılmasını, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Milli.Az