“Milli Opera İncilərimiz” adlı layihəyə start verilir

1 May 2025 13:59

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsimizin incilərini bir araya gətirən yeni  "Milli Opera İncilərimiz" adlı layihəyə start verir.

Layihə çərçivəsində ilk konsert 17 may tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Konsert proqramında Azərbaycan bəstəkarlarının ən parlaq opera nümunələrindən seçilmiş parçalar səslənəcək. 

Layihənin əsas məqsədi milli musiqi sənətimizin zənginliyini nümayiş etdirməklə yanaşı, klassik opera yaradıcılığımızın təbliğini və gələcək nəsillər üçün bu irsin qorunmasına mühüm töhfə verməyi və milli operaənənəsinin qorunub saxlanmasıdır. 

Teatrın simfonik orkestrinin müşayiəti və xor kollektivinin iştirakı ilə baş tutacaq konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev və Cövdət Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Pikə Axundova, Siyavuş Kəriminin operalarından səslənəcək  nümunələri   ölkənin tanınmış vokalçıları -  Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev,  Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, solistlər Mahir Tağızadə, Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov,  Atəş Qarayev, Fatimə Cəfərzadə, Səma Həmzayeva ifa edəcəklər. 

Dirijor Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, layihənin rejissoru - Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az