Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Nazirliyin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.
Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov bildirib ki, Nazirlik tərəfindən mütəmadi olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik layihələri hazırlanır.
Onun sözlərinə görə, hazırda qanunvericilikdə 200-ə yaxın dəyişikliyi nəzərdə tutan 7 dəyişiklik layihəsi mövcuddur:
"Həmin layihələr üzrə aidiyyəti orqanlarla razılaşdırma mərhələsi prosesi davam edir. Bu layihələrdən biri də saatlıq əməkhaqqının tətbiqi ilə bağlı olan Əmək Məcəlləsinə dəyişiklik layihəsidir. Saatlıq əməkhaqqı sisteminin bütün işçilərə şamil olunması nəzərdə tutulmur".
Şöbə müdiri bildirib ki, qanunvericilik layihələri hazırlanan zaman beynəlxalq təcrübə araşdırılır, eyni zamanda yerli qanunverciliyin tələbləri, işəgötürənlərin və işçilərin qarşılaşdıqları problemlər və uyğunsuzluqlar təhlil edilir və normativ hüquqi akt layihəsi buna uyğun olaraq hazırlanır:
"Tərəfimizdən beynəlxalq təcrübənin araşdırılması zamanı müəyyən edilmişdir ki, 3 formada əməkhaqqı ödəniş sistemi mövcuddur. İlk olaraq aylıq əməkhaqqı, hansı ki, bu gün respublikada bu normadan istifadə olunur. İkincisi, yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələrdir ki, bura ABŞ, Böyük Britaniya, Almaniyanı misal göstərə bilərik. Bəzi ölkələr də var ki, bu ölkələrdə saatlıq və aylıq əməkhaqqı sistemlərinin hər ikisi tətbiq olunur. Buna misal olaraq Estoniya, Malaziya, Rumıniya, Ukraynanı misal göstərmək olar. Hətta həftəlik minimum əməkhaqqı tətbiq olunan ölkələr belə mövcuddur".
Şöbə müdirinin sözlərinə görə, aparılmış təhlillər nəticəsində müəyyən ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqi uyğun görülüb.
"Aparılmış təhlillər nəticəsində müəyyən etdik ki, ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqinin üzərində dursaq, daha yaxşı olar. Layihə bunun üzərində hazırlanıb. Bunun bütün işə götürənlərə şamil olunması nəzərdə tutulmur. Burada yalnız qısa müddətli və həftəlik iş vaxtı normasının yarısından az işləyən şəxslərə layiqli əməyin təyin edilməsi nəzərdə tutulur. Bərabər, yüksək əməkhaqqının təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sistemi yalnız dediyim kontingentdən olan şəxslərə tətbiq olunması nəzərdə tutulur. Burada sahələri indidən demək çətindir, amma belə düşünmək olar ki, bu qısamüddətli, bir aydan daha aşağı bağlanan müqavilələr yaxud həftəlik iş vaxtı normasından az işləmə hansı sahələrdə tətbiq olunursa, aid edilə bilər. Misal olaraq mövsümi kənd təsərrüfatında işə cəlb olunan şəxslər, yaxud restoranlardakı ofisiantlar. Hansı ki, müəyyən işi icra etdikdən sonra iş bitmiş sayılır. Bu həm işəgötürənlərdə, həm də işçilərdə əmək münasibətlərində çevikliyi artıracaq. Eyni zamanda əmək məhsuldarlığının artacağını düşünürük. Hazırda Əmək qanunvericiliyində aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşı deyilən anlayış var. Hansı ki, müəyyən orta aylıq əməkhaqqının hesablanması zamanı istifadə olunur. Amma bizim təklif etdiyimiz layihədə saatlıq əməkhaqqı tətbiq olunan sahələrdə həmin əməkhaqqının miqdarı aylıq əməkhaqqının əsasında müəyyən edilən saatlıq tarif maaşından daha yüksək müəyyən ediləcək"- F.Heydərov qeyd edib.
Milli.Az