Bəzi sərnişinlər üçün bu, qəti şəkildə qadağandır.
Təyyarə ilə səyahət vaxt baxımından sərfəli olsa da, xüsusilə uzun məsafəli uçuşlarda kifayət qədər narahat ola bilər. Bəzi sərnişinlər ayaqlarını dincəltmək üçün ayaqqabılarını çıxarırlar.
Bəs bu doğrudanmı qəbulediləndir?
Milli.Az xəbər verir ki, "New Zealand Herald"a verdiyi müsahibədə etiket üzrə ekspert Codi R. R. Smit bildirib ki, ayaqqabını çıxarmaq yalnız bir halda məqbuldur - əgər uçuş 4 saatdan çox davam edirsə.
Lakin burada bəzi məhdudiyyətlər var. Ekspert qeyd edir ki, təyyarə salonunda ayaqqabını yalnız ayaqlarınızın heç bir qoxu yaymadığına əmin olduğunuz halda çıxara bilərsiniz.
Digər ekspert, Rozalinda Oropeza Rendall isə vurğulayır ki, bəziləri üçün ayaqqabı çıxarmaq qəti qadağandır. Bu, hətta uzun məsafələrə səyahət edən sərnişinlərə də aiddir.
"Əgər siz təxliyə çıxışının yanında əyləşmisinizsə, ayaqqabınız mütləq ayağınızda olmalıdır. Bu yerlərdə əyləşməklə, fövqəladə hallarda tez və sakit şəkildə yardım etməyə hazır olmaq məsuliyyətini üzərinizə götürürsünüz. Ayaqqabı axtarmağa, bağcığını açmağa və yenidən geyinməyə vaxt olmayacaq", - deyə o izah edir.
Digər səbəb isə gigiyenadır. Bələdçilər xəbərdarlıq edirlər ki, təyyarə salonunun döşəməsi o qədər də təmiz deyil.
Xüsusilə, sərnişinlərə ayaqqabısız tualetə getməmələri tövsiyə olunur.
Kənan
Milli.Az