Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalının "Viva Opera" parlaq qala gecəsi keçirilib – VİDEO - FOTO

30 Aprel 2025 19:25

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı bağlanması şərəfinə "Viva Opera" konsert proqramı keçirilib. Qala-konsertdə Almaniyadan xüsusi dəvət olunmuş, tanınmış dirijor, Maestro Boyan Videnovun rəhbərliyi ilə Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə çıxış edən gənc və görkəmli artistlər iştirak ediblər. 

Gecənin aparıcısı, teleaparıcı Saleh Bağırov festivalın yüksək klassik incəsənətin inkişafı və təbliğində əhəmiyyətindən danışıb. Yeddi gün ərzində paytaxtın müxtəlif yerlərində həm görkəmli ifaçıların, həm də ilk dəfə böyük səhnəyə çıxan 6-16 yaşlı gənc istedadların iştirakı ilə konsertlər təşkil olunub. Festivalın qonaqlarının böyük marağına səbəb olan dünya və Azərbaycan klassiklərinin əsərləri təqdim olunub. 

Bu axşam səhnədə Azərbaycanın Xalq artistləri Fidan Hacıyeva və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, Adil Axundov və Fərid Əliyev, beynəlxalq müsabiqələrin laureatları Mahir Tağızadə, Atəş Qarayev və Taleh Yahyayev parlaq alqışlarla qarşılanıb. Dünya klassiklərinin inciləri - Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cüzeppe Verdi, Cakomo Puççini, Coakkino Rossini, Pyetro Maskanyi, Ruggero Leoncavallo, Françesko Çilea, Jorj Bize əsərləri səsləndirildi. Gecənin quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Hafiz Quliyevdir. Sonda tamaşaçılar  möhtəşəm bir axşam üçün - opera sənətinin bayramı sədaları altında, çiçəklər və alqışları bəxş edən sənətçiləri qarşıladı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az