Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

30 Aprel 2025 17:55

Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib.

Trend xəbər verir ki, bu barədə Özbəkistan senatının rəsmi internet səhifəsində məlumat yayılıb.

Məlumata görə, bu gün Özbəkistan Senatının altıncı plenar iclasında "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin (2024-cü il 23 avqust, Daşkənd) ratifikasiyası haqqında" Qanun müzakirə olunub.

Qeyd olunub ki, bu Qanunla ratifikasiya edilən Müqavilə Özbəkistan və Azərbaycan Prezidentləri tərəfindən 2024-cü il avqustun 23-də Daşkənd şəhərində keçirilmiş Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında Ali Hökumətlərarası Şuranın ilk iclası çərçivəsində imzalanıb.

Müqavilədə dövlətlərarası münasibətlərin yeni mərhələsinin müqavilə-hüquq müstəvisində rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu mərhələ hər iki ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və davamlı iqtisadi inkişafının daha da möhkəmləndirilməsinə yönəlib.

Sənəddə həmçinin, aşağıdakı öhdəliklər əks olunub: tərəflər bir-birinə qarşı yönəlmiş hər hansı blokda və ya ittifaqlarda iştirak etməyəcək, habelə onlardan birinin fikrincə, strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə zərər yetirən hər hansı fəaliyyətlərdə iştirakdan çəkinəcəklər.

Müqavilənin qanunla ratifikasiyası iki ölkə arasında qarşılıqlı etimadı, dostluq əlaqələrini və strateji tərəfdaşlığı daha da gücləndirəcək.

Milli.Az