Gəzi Parkı hadisələri ilə bağlı aparılan istintaqda "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdə köməklik etmək" ittihamı ilə həbs edilən menecer Ayşe Barımın 30 ilə qədər həbs cəzası istənilib.
Milli.Az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Barıma qarşı hazırlanan iddianamədə müttəhimin "hakimiyyəti devirmək və ya vəzifəsini yerinə yetirməsinə mane olmaq cəhdlərinə güc və zorakılıqla kömək etdiyi" iddia edilib. Bu çərçivədə Barım üçün 22 il 6 aydan 30 ilə qədər həbs cəzası istənib.
Prokurorluq tərəfindən təsdiqlənən iddianamə İstanbul 26-cı Ağır Cəza Məhkəməsinə təqdim edilərək dəyərləndirilir.
Qeyd edək ki, Barımın 2013-cü ildə Gəzi Parkı mərkəzli nümayişlərə qatıldığına dair mətbuatda yayılan xəbərlərdən sonra başlayan istintaq çərçivəsində sənət dünyasının simaları ilə əlaqələri araşdırılıb.
İddianamədə Barımın Gəzi hadisələrində iştirak edən sənətçilərə rəhbərlik etdiyi, müttəhimlər Osman Kavala, Çiğdem Utku Mater və Memet Ali Alabora ilə yaxın əlaqədə olduğu və bəzi bəyannamələrin hazırlanmasına töhfə verdiyi iddia edilib.
Fidan
Milli.Az