Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubu ünvanlayıb.
Trend xəbər verir ki, müvafiq məktubu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Xalq Respublikasına səfəri çərçivəsində Baş müşavirə təqdim edib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısı Xankəndidə baş tutacaq. Qurumun 16-cı Zirvə toplantısı 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilib.
İƏT 1985-ci ildə Mərkəzi Asiya və Yaxın Şərq ölkələri tərəfindən yaradılmış regional hökumətlərarası iqtisadi təşkilatdır və 1977-ci il martın 12-də üç təsisçi ölkə - İran, Pakistan və Türkiyə tərəfindən imzalanmış İzmir Müqaviləsi əsasında fəaliyyət göstərən İnkişaf naminə Regional Əməkdaşlıq Təşkilatının varisidir.
Milli.Az