Azərbaycanın gələcək həkimləri klassiklərin ifası ilə təəccübləndilər - FOTO

29 Aprel 2025 16:55

Fikrət Əmirovun Konfrans-Konsert Mərkəzində Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı çərçivəsində Xəzər Universitetinin Kamera Orkestrinin iştirakı ilə "Operanın gələcək nəsli, yeni nəfəsi" konserti keçirilib. 

Konsert Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın dahi Jorj Bizenin "Karmen" operasından "Habanera" ariyasının ifası ilə açılıb. Fidan Hacıyeva üçün Karmenin obrazı uzun illər dünyanın bir çox səhnələrində nümayiş olunan opera brendidir. 

Azərbaycan Milli Konservatoriyasının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin və Bakının digər təhsil müəssisələrinin gənc istedadları dünya və Azərbaycan klassiklərinin əsərlərini ifa edərək öz məharətlərini göstərmişlər. 

Dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan"operettasından qızların xorunu təqdim edən Azərbaycan Tibb Universitetinin tələbələri vokal qabiliyyətləri ilə hər kəsi təəccübləndiriblər. Axşam tamaşaçıların alqışları altında keçdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az