Hamının eşitdiyi xaricdə yüksək maaşlı işlər - İnanıb getmək olar?

29 Aprel 2025 10:02

Xaricdə işə düzəltmək adı altında dələduzluq edənlərin sayı artıb. Dələduzlar vətəndaşdan pul tələb edərək onları işə düzəldəcəyini, iş vizası və müqavilə bağlayacaqlarına inandırırlar. Hətta bəziləri tanınmış şirkətlərin adından da istifadə edirlər. 

Bəs vətəndaşlar aldanmamaq üçün nə etməlidirlər? 

Məsələ ilə bağlı Milli.Az-a əmək hüquqları üzrə mütəxəssis Nüsrət Xəlilov deyir ki, vətəndaş qurbana çevrilməmək üçün ilk olaraq öz potensialını bilməli, getmək istədiyi və ya gedəcəyi ölkəni araşdırmalıdır. Çünki hər bir ölkənin əcnəbilərlə bağlı siyasəti fərqli olur. 

"Vətəndaş hansı agentlik vasitəsi ilə işə düzələcəksə, onu da araşdırmalıdır. Daha öncə həmin şirkətdən istifadə edən insanların rəyini öyrənmək olar". 

Ekspert bildirir ki, müraciət edən şəxs şirkətin rəsmi qeydiyyatda olub-olmamasını mütləq öyrənməlidir. Bu dələduzluq halları ilə üzləşmədən xaricdə karyera qurmağın ən yaxşı yolu nədir? 

"Tutaq ki xaricdə təhsil alsanız, bu təhsildən sonra orda yaşamağın özü bir təcrübədir. Bu təcrübədən sonra iş imkanları daha rahat olur. Əgər xaricdə yaşayan yaxın tanışınız varsa, onun sizə iş təklifi daha real görünə bilər". 

Xəbərdarlıqlara baxmayaraq hələ də dələduzluq halları ilə rastlaşan şəxslər var. 

Belə halla qarşılaşan vətəndaş nə etməlidir? 

Məsələ ilə bağlı Milli.Az-a hüquqşünas Şamil Paşayev bildirib ki, əgər vətəndaş dələduzluq qurbanı olubsa və onun pulunu mənimsəyiblərsə, zərərçəkən mütləq polisə müraciət etməlidir. Vətəndaş pul verərkən ya müqavilə imzalamalıdır, ya da mütləq çek almalıdır. Ancaq bunlar olmasa belə, polis həmin pulun verilmə şəraitini aydınlaşdıra bilər. 

Qeyd edək ki, dələduzlaq adətən təhsili olmayan şəxsləri hədəf seçirlər. Ona görə sizə olunan bütün iş təkliflərini araşdırandan sonra müraciət edə bilərsiniz. 

Aysel Əkbər
Milli.Az