Yay yaxınlaşır: Kondisionerdən necə düzgün istifadə etmək olar?

26 Aprel 2025 14:35

Havaların isinməsi ilə birlikdə kondisionerlərə tələbat artır. Yay mövsümündə kondisionerdən düzgün istifadə etmək həm sağlamlıq, həm də enerji qənaəti baxımından böyük əhəmiyyət daşıyır.

Mlli.Az xəbər verir ki, mütəxəssislər isti havalarda kondisionerdən istifadədə diqqət edilməli əsas məqamları açıqlayıb.

İdeal temperatur 24-26°C olmalıdır

Havaların çox isti keçdiyi günlərdə kondisionerin temperaturunu minimuma endirmək təhlükəli ola bilər. Mütəxəssislər bildirirlər ki, ideal otaq temperaturu 24-26°C arasında saxlanmalıdır. Daha aşağı temperaturlar orqanizmdə soyuqdəymə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Hava axını birbaşa insana yönəlməməlidir

Kondisioner istifadə edərkən hava axınının birbaşa insanın üzərinə gəlməməsi tövsiyə olunur. Bu, boyun və bel ağrıları, əzələ tutulmaları kimi narahatlıqların qarşısını almağa kömək edir.

Kondisioneri fasiləsiz işlətmək olmaz

Cihazın fasiləsiz işləməsi enerji sərfiyyatını artırmaqla yanaşı, kondisionerin istismar müddətini də azaldır. Bu səbəblə taymer funksiyasından istifadə etməklə müəyyən saatlardan sonra cihazın avtomatik sönməsi təmin olunmalıdır.

Filtrlər mütəmadi təmizlənməlidir

Kondisionerin havanı səmərəli şəkildə təmizləməsi üçün filtrlərin həftədə ən az bir dəfə tozdan təmizlənməsi tövsiyə olunur. Əgər kondisioner uzun müddət işlədilməyibsə, mövsümə başlamazdan əvvəl texniki baxışdan keçirilməsi vacibdir.

Qapı və pəncərələr bağlı saxlanmalıdır

Cihazın effektiv işləməsi üçün otağın qapı və pəncərələrinin bağlı olması vacibdir. Əks halda, soyuq hava otaqda qalmaz və cihaz daha çox enerji sərf edər.

İsti havadan birbaşa soyuq otağa keçid təhlükəlidir

Mütəxəssislər günəş altında uzun müddət qaldıqdan sonra birbaşa soyuq otağa daxil olmağın orqanizm üçün şok effekti yarada biləcəyini bildirirlər. Bu səbəbdən, temperatur keçidləri tədricən aparılmalıdır.

Qeyd edək ki, kondisionerlərdən düzgün istifadə həm sağlam həyat tərzi, həm də ailə büdcəsinin qorunması baxımından önəmlidir.

Kənan
Milli.Az