Çinin elektrikli avtomobil istehsalçısı BYD-yə məxsus "BYD Changzhou" gəmisi 25 fevralda yola çıxmışdı. 7 min avtomobil daşımaq gücünə malik olan gəmi 39 günlük səfərdən sonra Türkiyənin Safiport Derince Limanına çatıb.
Milli.Az xəbər verir ki, gəminin dronla çəkilən görüntüləri maraq doğurub. Avtomobillərin həm Türkiyədə, həm də xaricdə istifadə ediləcəyi bildirilir.
BYD 2022-ci ildə benzinlə işləyən avtomobil istehsalını tam dayandırıb. Şirkət dünyada 10 milyon elektrikli və plug-in hibrid avtomobil istehsal edən ilk marka olub. İlk 5 milyon avtomobili 15 ilə, növbəti 5 milyonu isə cəmi 15 aya istehsal edib.
BYD 2023-cü ildə elektrikli və hibrid avtomobil satışlarında dünyada lider olub. Ötən il şirkət 4 milyondan çox yeni enerjili avtomobil satıb.
Qeyd edək ki, BYD Changzhou - BYD şirkətinə məxsus avtomobil daşıyan gəmidir. 2024-cü ildə inşa olunub. Gəminin uzunluğu 199,9 metr, eni isə 38 metrdir. 7 min avtomobil daşıya bilir. Ümumi tonnajı 69.250 ton, xalis tonnajı 21.400 tondur. BYD Changzhou şirkətin adını daşıyan ikinci gəmidır. Gəmi həm maye qaz, həm də dizel yanacağı ilə işləyən ikili sistemə malikdir. Bu sistem karbon emissiyasını azaldır və yanacaq sərfiyyatını optimallaşdırır. BYD bu gəmi ilə qlobal avtomobil nəqlində öz imkanlarını genişləndirir.
İsmayıl
Milli.Az