İstanbulda daha bir ZƏLZƏLƏ

24 Aprel 2025 09:35

Bu gün səhər saatlarında İstanbulun qərbində yerləşən Böyükçəkməcə bölgəsində yerli vaxtla 06:23-də 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın açıqlamasına görə, zəlzələnin episentri Marmara dənizində, Böyükçəkməcə sahillərinə yaxın ərazidə yerləşib. Yeraltı təkanların 9,6 kilometr dərinlikdə baş verdiyi bildirilib. İlkin məlumatlara əsasən, təbii fəlakət nəticəsində xəsarət alan və ya ciddi maddi ziyan qeydə alınmayıb.

Zəlzələ İstanbulun bir sıra rayonlarında, o cümlədən Avcılar, Esenyurt, Beylikdüzü və Küçükçekmece kimi yaxın ərazilərdə də hiss olunub. Yerli sakinlər arasında bir qədər təşviş yaransa da, hadisə qısa müddətdə sakitləşib.

Mütəxəssislər bölgənin seysmik fəallığına diqqət çəkərək, bu kimi zəlzələlərin bölgədə zaman-zaman baş verə biləcəyini bildirirlər. AFAD və digər aidiyyəti qurumlar vəziyyəti yaxından izləməyə davam edir və əhaliyə zəruri hallarda necə davranmalı olduqları barədə məlumatlandırma tədbirləri aparılır.

Kənan
Milli.Az