ABŞ Zelenskinin sülh yanaşmasını tənqid etdi

24 Aprel 2025 09:30

Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh prosesi ilə bağlı düzgün yolda olmadığını hesab edir.

Milli.Az-ın yerli mediaya istinadən məlumatına görə, Leavitt xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər belə bir açıqlama verib: "Krım illər əvvəl, Barak Obamanın prezidentliyi dövründə itirildi".

"Prezident Ukraynadan Krımı tanımağı tələb etmir. Heç kim bunu onlardan istəmir. O, sadəcə istəyir ki, insanlar danışıqlar masasına otursun. Bu müharibə artıq çox uzun çəkir və çox qəddardır", - deyə o vurğulayıb.

Leavittin sözlərinə görə, sülh sazişinə nail olmaq üçün hər iki tərəf bir qədər narazı qalmalıdır:

"Təəssüf ki, Prezident Zelenski sülh danışıqlarını mətbuat vasitəsilə aparmağa çalışır və bu, Prezident üçün qəbuledilməzdir. Bu cür danışıqlar qapalı qapılar arxasında aparılmalıdır".

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp bu vəziyyətdən narazıdır və səbrinin tükəndiyini bildirib. Tramp Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olmasını istəyir.

"Amma sülh üçün hər iki tərəf razı olmalıdır. Təəssüf ki, Prezident Zelenski hazırda düzgün istiqamətdə hərəkət etmir", - deyə Leavitt əlavə edib.

Tramp nə demişdi?

Bundan əvvəl Donald Tramp açıqlamasında qeyd edib ki, Prezident Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsi ictimaiyyət qarşısında sülh danışıqlarına zərər verir.

Trampın sözlərinə görə, Ukraynanın durumu çox çətindir və əgər sülh əldə olunmasa, növbəti üç ildə Zelenski bütün ölkəni itirə bilər.

Xəyal Abdullayev
Milli.Az