Öz üslubunu yaratmaq istəyən xanımların DİQQƏTİNƏ

24 Aprel 2025 10:05

Misir və Azərbaycanda bir çox gözəllik yarışmalarında münsif qismində iştirak etmiş gənc "fashion" dizayner, beynəlxalq ekspert​ Zəhra Poluxova Milli.Az-a açıqlamasında yay mövsümündə gənc xanımlara stilini tapmaqla bağlı üç əsas məsləhət verib.

Onun sözlərinə görə, dəbin arxasınca getməkdən daha önəmlisi, öz üslubunu yaratmaq və ona sadiq qalmaqdır:

Öz bədən quruluşunu tanı və qəbul et:

"Ən yaxşı stil, insanın öz bədənini tanıyaraq ona yaraşanı seçməsidir. Modada "bir ölçü hamıya uyğundur" anlayışı yoxdur. Hansı kəsimlərin və rənglərin sənə yaraşdığını tapdıqdan sonra artıq tərzin səni ifadə etməyə başlayacaq".

İlham al, amma kopyalama:

"Sosial şəbəkələrdə və podiumlarda çox gözəl stillər görürük, amma bu demək deyil ki, hamısı bizə uyğun olacaq. İlham almaq gözəldir, amma o stilin içində öz fərdiliyini hiss etmirsənsə, onu sadəcə geyinmiş olursan. Stil isə bir ifadə formasıdır".

Özünə güvən və risk etməkdən qorxma:

"Hər yeni kombin, hər fərqli detal sənə özünü daha yaxşı tanımaq üçün fürsət verir. Öz stilini tapmaq bir prosesdir - zaman alır. Amma ən vacibi budur: Sən özünü rahat və güvənli hiss edirsənsə, deməli doğru yoldasan".

Fashion dizaynerin fikrincə, stil bir tendensiya deyil, xarakterin aynasıdır. Bu yay da, hər kəsə öz aynasında parıldamaq arzusunu bildirir.

Xəyal Abdullayev