Dünyaca məşhur müğənni Cennifer Lopez Səudiyyə Ərəbistanında keçirilən Formula 1 Qran Prisi tədbirində səhnəyə çıxıb. Lakin konsertin Məscidül-Həramdan cəmi 80 kilometr məsafədə keçirilməsi sosial mediada geniş rezonans doğurub.
Milli.Az xəbər verir ki, Ciddə şəhərində baş tutan tədbirdə Lopezin möhtəşəm səhnə şousu və rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Lakin ərəb mediası və sosial şəbəkə istifadəçiləri bu çıxışı "dini dəyərlərə zidd" olaraq qiymətləndiriblər.
Tədbirin Məkkəyə olan coğrafi yaxınlığı isə tənqidlərin əsas səbəblərindən biri olub. Bir çox köşə yazarı və sosial media istifadəçisi konserti "İslama təhqir" adlandırıb, bəzi şərhçilər isə bunun ölkənin dini və ictimai həssaslıqlarına uyğun olmadığını bildiriblər.
Səudiyyə Ərəbistanı son illərdə vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə genişmiqyaslı sosial və mədəni islahatlar həyata keçirir.
İqtisadiyyatı neftdən asılılıqdan azad etmək və şaxələndirmək məqsədilə Ər-Riyad rəhbərliyi turizm və əyləncə sahələrinə milyardlarla dollar sərmayə yatırır.
Lakin bu cür tədbirlər hələ də həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ənənə və modernləşmə arasında fikir ayrılığına səbəb olur. (Musavat.com)
Milli.Az