Əgər barmaqları şaqqıldatmaq zamanı ağrı, şişkinlik və ya hərəkət məhdudiyyəti müşahidə olunmursa, bu vərdiş təhlükəli sayılmır.
Milli.Az xəbər verir ki, bunu Rusiyalı travmatoloq-ortoped Vitali Skakun bildirib.
O qeyd edir ki, şaqqıltı səsləri oynaqlarda olan sinovial mayedə yaranan qaz qabarcıqlarından qaynaqlanır. Barmaq qəfil hərəkət etdikdə oynaq kapsulundakı təzyiq azalır və bu qazların boşalması nəticəsində səs yaranır. Bu, qığırdağa və oynaq səthlərinə zərər vermir.
Lakin əgər şaqqıltı ilə yanaşı ağrı, şiş və ya sərtlik varsa, bu, bağ zədələnməsi, artrit və ya digər oynaq problemlərinin göstəricisi ola bilər. Həkim xəbərdarlıq edir ki, belə hallarda qəfil hərəkətlər vəziyyəti daha da ağırlaşdıra bilər və tibbi yardım vacibdir.
Əgər barmaq şaqqıltıları ağrısızdırsa və əlavə simptomlar yoxdursa, narahatlığa əsas yoxdur. Amma hər hansı ağrı və ya travmadan sonra yaranan dəyişikliklər müşahidə olunarsa, həkimə müraciət tövsiyə olunur.
Asya
Milli.Az