11:52
Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Pokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Aprelin 22-də saat 19:20 radələrində bir nəfər Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
11:05
Naxçıvanda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub.
Milli.Az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb.
***
Naxçıvanda quyudan meyit tapılıb.
Bu barədə APA-ya Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, "112" qaynar telefon xəttinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyiti tapılan qadının kənd sakini 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılova olduğu məlum olub.
Milli.Az