Ərdoğanı təhqir edən aktyora hökm oxundu

22 Aprel 2025 22:29

Türkiyəli aktyor İlyas Salman, 3 il əvvəl BirGün qəzetinə verdiyi müsahibədə istifadə etdiyi ifadələrə görə "prezidentə təhqir" ittihamı ilə mühakimə olunub. Məhkəmə prosesində 11 ay 20 gün həbs cəzasına məhkum edilib. Bu cəza sonradan 7 min lirə məbləğində cərimə ilə əvəz olunub.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə iclasında, İlyas Salmanın vəkili ilə birlikdə AKP-li Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili də iştirak edib.

Salmanın vəkili Selen Sınmaz cəzanın yüngülləşdirilməsini tələb edib:

"AİHM, Türk Cəza Qanununda 'təhqir' cinayətinin həm TCK 125, həm də TCK 299-cu maddələrdə tənzimlənməsini qanunsuz sayıb. TCK-nın 299-cu maddəsinin digər vətəndaşlara qarşı ayrı-seçkilik təşkil etdiyini bildirib və Türkiyə hüququnun bu yöndə düzəldilməsini tələb edib."

Sınmaz əlavə edib:

"Müvəkkilim xalqın tanıdığı bir sənətçidir. Onun məqsədi təhqir yox, ifadə azadlığı çərçivəsində fikrini ifadə etmək olub."

Məhkəmə, Salmanın "prezidentə təhqir" cinayətini törətdiyini sübuta yetirilmiş hesab edərək, əvvəlcə ona 1 il 2 ay həbs cəzası verib. Bu cəza Salmanın lehinə 1/6 nisbətində azaldılaraq 11 ay 20 gün həbsə endirilib, daha sonra isə 7.000 Türk lirəsi (311 manat)  miqdarında inzibati pul cəzası ilə əvəz olunub.

Lalə Qüdrətova
Milli.Az