Kartofun çürüməsinin qarşısını almaq üçün 5 sadə ÜSUL

22 Aprel 2025 17:49

Kartof hər mətbəxdə əsas ərzaqlardan biri olsa da, yanlış saxlanma nəticəsində tez cücərir, yumşalır və çürüyərək istifadəyə yararsız hala gəlir. Bu, həm maddi itkiyə, həm də ərzaq israfına səbəb olur.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bir neçə sadə vərdişlə kartofun ömrünü xeyli uzatmaq mümkündür.

Sərin, qaranlıq və havalandırılan yer seçin

Kartofun saxlanmasında ən önəmli faktorlar sərinlik, işıqsızlıq və hava dövranıdır. İdeal saxlanma temperaturu 7-10°C arasıdır. Zirzəmi və ya yaxşı havalanan qaraj kimi sahələr uyğun mühit yaradır. Əgər bu cür yer yoxdursa, mətbəxdə işıq almayan sərin bir künc də yetərlidir.

İşıqdan qoruyun - yaşıl kartof təhlükəlidir

İşıq təsirində qalan kartofda "solanin" adlı zəhərli maddə əmələ gələrək onu yaşıllaşdırır və acı dad verir. Bu hissələr yeyilməməlidir. Saxlama üçün kağız torba, karton qutu və ya xüsusi nəfəs alan kartof qablarından istifadə tövsiyə olunur. Plastik torbalardan uzaq durmaq lazımdır.

Nəmlik yox, hava olsun

Artıq rütubət kartofda kif və çürümə yaradır. Hava keçirməyən, qapalı torbalarda saxlanan kartof tez xarab ola bilər. Delikli çantalar və ya səbətlər ən uyğun seçimlərdir. Əgər qapalı qabdan istifadə olunursa, tam bağlanmamasına diqqət edilməlidir.

Almadan və soğandan ayrı saxlayın

Almanın çürüməyə qarşı təsirli olduğu fikri yanlışdır. Əksinə, alma və soğan kimi məhsullar etilen qazı buraxaraq kartofun cücərməsini sürətləndirə bilər. Bu səbəblə onları ayrı-ayrı saxlamaq tövsiyə olunur.

Zədələnmiş kartofları ayırın

Bir çürük kartofun digərlərinə də təsir edib, ümumi çürüməyə yol açması mümkündür. Saxlamadan əvvəl zədələnmiş kartoflar seçilib ayrılmalıdır ki, sağlam olanlar daha uzun müddət təzə qalsın.

Sadə, lakin təsirli bu üsullarla həm israfın, həm də əlavə xərcin qarşısını ala bilərsiniz. Artıq kartoflarınız zibilə deyil, süfrəyə gedəcək.

Milli.Az