Siqareti tərgitmək istəyirsiz? - Mütəxəssisdən sadə, amma effektiv üsul

22 Aprel 2025 15:50

Nikotin asılılığı alkoqol və digər psixoaktiv maddələrə asılılıqla oxşardır, lakin ondan qurtulmaq daha asan ola bilər.

Milli.Az xəbər verir ki, ukraynalı psixiatr və asılılıq üzrə mütəxəssis Yevhen Skrypnyk RBC-Ukraynaya verdiyi müsahibədə siqareti tərgitməyin yollarından danışıb.

Tərgitmək üçün ən güclü motivasiya nədir?

Həkimin sözlərinə görə, siqaretin uzunmüddətli istifadəsinin fəsadlarını göstərən qorxuducu şəkillər insanın siqaret çəkib-çəkməməsi qərarına ciddi təsir göstərmir. Əvəzində maliyyə tərəfi daha güclü motivasiya rolunu oynayır.

"Cibinə təsir etdiyi zaman, insan istədiyini ala bilməyəndə bu, daha təsirli olur. Xaricdə siqaret bizdə olduğundan qat-qat bahadır və orada siqaret çəkənlərin sayı da azdır", - deyə mütəxəssis bildirib.

Əgər siqareti tərgitmək istəyirsiniz, lakin uğur qazana bilməmisinizsə, əvvəlcə bir ayda və bir ildə siqaretə nə qədər pul xərclədiyinizi hesablayın. Sonra çoxdan almaq və ya etmək istədiyiniz bir şeyi düşünün. Siqaretə xərclədiyiniz pul, əslində, bu arzularınızı reallaşdırmağa sərf oluna bilər.

Siqareti necə tərgitmək olar?

Mütəxəssis bildirir ki, siqareti tərgitmək üçün bunu ani şəkildə etmək və dopamin və ya rahatlıq verən alternativlər tapmaq vacibdir.

"Bu, digər asılılıqlarla iş prinsipinə bənzəyir. Fikrimizi başqa fəaliyyətlərə yönəltməliyik. Haradasa işləyirsinizsə - daha çox çalışın. Siqaret istəyəndə, diqqətinizi yayındırın. Məsələn, 20 dəfə jim edin, sevdiklərinizlə danışın - bir sözlə, daha çox zövq verən və sizə fayda gətirəcək başqa şeylər tapın", - deyə o, tövsiyə edir.

Nikotin əvəzedici plastırlar da istifadə edilə bilər. Bundan əlavə, Bupropion adlı dərman, ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq olunub və nikotin asılılığının müalicəsində istifadə olunur.

Siqareti tərgitdikdən sonrakı ilk iki həftədə əsəbilik, narahatlıq və yuxu pozğunluğu kimi əlamətlər yarana bilər, lakin bu hal müvəqqətidir. Əsas məsələ - təslim olmamaqdır.

"İki həftə keçir, insan dözür və sonra düşünür: 'Bəlkə bir dənə, ya da yarım siqaret çəkim?' - bu artıq psixoloji asılılıqdır. Çünki bir çox insan üçün siqaret meditasiyanın bir formasıdır".

Nikotin istəyi ayda bir dəfə qəfil güclənə bilər, buna görə də iradəli olmaq və təslim olmamaq vacibdir. Zaman keçdikcə orqanizm nikotinsiz həyata alışır və artıq ona ehtiyac duymur.

"Əgər siqaret çəkmə tarixi qısadırsa, tərgitmək daha asandır. Uzun müddət çəkilirsə - daha çətindir. Çünki sadəcə olaraq, alışmış oluruq. Buna görə də nə qədər tez tərgidilsə, bir o qədər yaxşıdır," - deyə Skrypnyk tövsiyə edir.

Kənan
Milli.Az