Əsəd xalqını bombardman edir: 90 ölü

18 İyul 2012 10:58
Ötən gün Suriyada növbəti qanlı gün yaşanıb. Bəşər Əsədə sadiq qüvvələr Homs, Hələb, Həma, Dəməşqə, Dəraa və İdlib şəhərində dinc sakinlərə qarşı havadan və qurudan hərbi əməliyyatların davam etdiyi bildirilir.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidəçiləri adlı qruplaşmanın məlumatına görə, dünən ölkə ərazisində azı 90 nəfər öldürülüb. Onlardan 47-nin Dəraa, 12-nin Dəməşq sakinləri olduğu bildirilir. İnternetdə yayılan həvəskar kadrlarda hökumət qüvvələrinin aviazərbələri əks olunur. Dünən səhər saatlarından Homs, Dəraa və İdlibdə nəzarəti müxalifət qüvvələrinin əlindən almaq üçün bombardmana başlanılıb. Müxalifət qüvvələri də əsgərlərə sərt şəkildə müqavimət göstərib.

Bu arada, Rusiya BMT-nin Təhlükəsizlik Şurasına Suriyada zorakılığa son qoyulmasına dair qətnamə layihəsinin əlavələr edilmiş variantını təqdim edib. Yeni versiya dünən, BMT-nin Təhlükəsizlik Şurasında layihənin səsverməyə qoyulacağı tarixdən 1 gün əvvəl təqdim olunub. Bununla da, bu gün səsverməyə 2 qətnamə layihəsi hazırlanıb - onlardan biri Qərb-yönümlüdür və Suriyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutur, digəri isə Rusiya layihəsidir ki, bu da BMT müşahidəçilərinin Suriyadakı fəaliyyət müddətinin uzadılmasını nəzərdə tutur.

Dolayısı ilə Rusiyanın qətnamə layihəsi BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Ənnanın sülh planına əsasən hökumətlə müxalifət arasında dialoq yaratmaq üçün müşahidəçilərin mandatının uzadılması təklif olunur.

Milli.Az