"Skuter"in batareyası partladı - 3-cü kurs tələbəsi yandı - FOTOlar

22 Aprel 2025 13:30

Çinin Hubey əyalətindəki Vuhan şəhərində baş verən faciəvi hadisə 22 yaşlı gəncin həyatını alt-üst edib.

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, "sukter"in batareyasının partlaması nəticəsində Du Junhao adlı tələbə bədəninin 90 faizində ağır yanıq xəsarətləri alıb. Hadisənin ən dəhşətli məqamı isə otaq yoldaşının Du-nu alovlar içində tək qoyaraq qaçması olub.

Qorxunc səhər

Vuhan Şəhər Kollecində üçüncü kurs tələbəsi olan Du Junhao otaq yoldaşı Li Jiajun ilə birlikdə kirayə mənzildə qalırdı. Li ayda 300 yuan (təxminən 40 ABŞ dolları) ödəməklə "skuter" icarəyə götürərək kuryerlik edirdi. Du onu dəfələrlə batareyanı evdə şarj etməyin təhlükəli olduğu barədə xəbərdar etsə də, Li inadla bu vərdişindən imtina etmirdi.

Səhər saat 6 radələrində batareya alışaraq zəhərli qaz yaymağa başlayıb. Mənzilin girişinə yaxın yerdə yatan Li alovu görən kimi qaçıb. Binanın dəhlizindəki müşahidə kamerası onun əvvəlcə yanğınsöndürən axtardığını, sonra isə geri qayıdaraq Dunun hələ içəridə olduğu evin qapısını bağladığını göstərib.

Du bildirib ki, qapının avtomatik kilidlənməsi nəticəsində o, təxminən bir neçə dəqiqə otaqda alovun içində qalıb və bu müddət ərzində ağır yanıq xəsarətləri alıb.

Ağır nəticələr və ailənin mübarizəsi

Dunun tənəffüs yolları ciddi zədələnib, sol əlindəki iki barmaq amputasiya olunub. Son 10 ay ərzində 12 dəri köçürülməsi əməliyyatı keçirib. Atası da beş dəfə əməliyyat olunaraq ona dəri verib.

"Valideynlərim məni xilas etmək üçün hər yerdən borc aldılar və öz dərilərini mənə bağışlamağın ağrısını yaşadılar," - deyə Du bildirib.

İndiyə qədər ailə onun müalicəsi və gündəlik xərclər üçün 2,8 milyon yuan (təxminən 380 min ABŞ dolları) xərcləyib. Onlayn ianələrlə 2,6 milyon yuan toplanıb, lakin ailə daha çox dəstək istəmək istəmir.

Hadisəyə görə Li ev sahibi və batareya istehsalçısı məhkəməyə verilsə də, nəticə demək olar ki, olmayıb. Linin ailəsi maddi vəziyyətlərinin pis olduğunu əsas gətirərək cəmi 10 min yuan (1,400 ABŞ dolları) təzminat ödəyib.

Li "sərt ehtiyatsızlıq nəticəsində ağır bədən xəsarəti yetirmək" ittihamı ilə həbs olunub. Çin qanunlarına görə bu cinayət maksimum 3 il həbs cəzası ilə cəzalandırıla bilər.

Ümid və həyat arzusu

Du bir müddət yaşamağa davam etmək istəmədiyini etiraf edib, lakin valideynlərinin fədakarlığını gördükdən sonra bu fikrindən daşındığını bildirib:

"Artıq həyatım təkcə mənim deyil".

Hazırda o, Çində müalicə alır və özünü daha yaxşı hiss etmək üçün bir it saxlayır. Ən böyük arzusu dərisinin tezliklə sağalması, yenidən noutbukdan istifadə edə bilməsi və bu yaz kollec məzuniyyət fotosessiyasına qatılmasıdır.

Valideynlərinin arzusu isə daha sadədir.

"O yaşasın, biz ona baxarıq," - deyə atası bildirib.

Kənan
Milli.Az