Planlı qeysəriyyə əməliyyatları qadağan edildi

22 Aprel 2025 16:49

Türkiyə Səhiyyə Nazirliyi tibbi zərurət olmadan özəl xəstəxanalarda planlı qeysəriyyə əməliyyatlarına qadağa qoyub.

Milli.Az xəbər verir ki, qərar Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.

Mövzu ictimaiyyətdə geniş müzakirə doğurub. Prezident Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərək, "Normal doğuşa təşviq hörmətsizlik deyil, sağlam cəmiyyət üçün mühüm addımdır," deyib.

Qeyd edək ki, "Sağlam Türkiyə Əsri" proqramı çərçivəsində yenilənən əsasnaməyə əsasən, doğum şöbəsi yaratmaq istəyən özəl tibb mərkəzləri artıq əməliyyat otağına da sahib olmalıdır. Əks halda doğum xidmətləri göstərmələrinə icazə verilməyəcək.

Yeni qaydalara görə, doğum otaqları minimum 16 kvadratmetr ölçüsündə olacaq və doğuşla bağlı bütün məlumatlar elektron sistemə daxil ediləcək. Həmçinin, mütəxəssis həkimlərin sayı 10-u keçən mərkəzlərdə cərrahi müdaxilə bölməsi yaradılması mümkün olacaq.

Fidan
Milli.Az