Gəncədəki hadisə nəzarətə götürüldü - YENİLƏNİB

22 Aprel 2025 10:45

10:45

Gəncədə beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunan hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Milli.Az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

10:20

Gəncədə zəhərlənən ailə üzvləri evə buraxılıblar.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.

09:30

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib./bakupost.az

Milli.Az