Milli Məclisin yaz sessiyası başa çatdı

31 May 2010 16:46
İclasda bir sıra qanunlara əlavələr və dəyişikliklər edilib. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsini müzakirəyə təqdim edib. O bildirib ki, bu dəyişikliklər hava nəqliyyatında nəzarətin, nizam-intizamın gücləndirilməsinə, vətəndaşların təhlükəsizliyinin daha yüksək səviyyədə təşkilinə xidmət edəcək. Məcəlləyə edilən dəyişikliklərdə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulmasına görə nəzərdə tutulmuş cərimələrin miqdarı da artırılıb.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklər isə əməliyyat-axtarış tədbirləri zamanı istifadə olunan avadanlığın siyahısının və texniki göstəricilərinin dəqiqləşdirilməsi ilə bağlıdır.

İclasda, həmçinin "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında", "Milli arxiv fondu haqqında", "Əmək pensiyaları haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlara əlavələr və dəyişikliklər edilib, Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik olunub.

Parlamentin sədri Oqtay Əsədov demişdir ki, 84 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılması təklifi ilə rəhbərliyə müraciət edib. Növbədənkənar sessiyanın çağırılması barədə deputatlara əlavə məlumat veriləcək.

Bununla da Milli Məclisin yaz sessiyası öz işini başa çatdırıb, Azərbaycanın dövlət himni səsləndirilib.

/AzərTAc/