22:53
Tərtərin Bəyimsarov kəndində baş vermiş bədbəxt hadisənin bəzi detalları məlum olub.
İlkin ehtimala görə, əslən Kəlbəcərdən olan Rüfət Tağızadə, həyat yoldaşı Əfsanə Tağıyeva və iki azyaşlı övladı dəm qazından zəhərlənərək həyatını itirib.
"Məkana gələndə gördük ki, uşaqlardan biri yerdə, ata-ana və digər uşaq isə çarpayıda ölüblər. Ehtimal olunur ki, dəm qazından zəhərləniblər. Çünki borunun içində quş yuva qurmuşdu", - deyə mərhum şəxslərin qohumu bildirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
-----------
16:32
Tərtərdə bir ailənin dörd üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı yeni təfərrüatları məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.
Milli.Az xəbər verir ki, bu barədə "Teleqraf"a ailənin yaxınları məlumat veriblər.
Qeyd olunub ki, ailə qəsəbədə iki il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış. Verilən məlumata görə, hadisədən əvvəlcə qonşular xəbər tutublar. Saat 10-11 radələri olsa da, evdən heç kimin çıxmadığını görən qonşular mənzilə daxil olub və ailənin dörd üzvünün vəfat etdiyini aşkar ediblər.
Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyimsarov kənd qəbiristanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəliblər, araşdırma aparılır.
Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov hadisənin təfərrüatları ilə bağlı açıqlama verərək deyib ki, hadisədən ilk olaraq qonşular xəbər tutublar və qapını xeyli döydükdə cavab ala bilməyiblər.
"Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki il idi ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə edilməyib. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş onun borusunda yuva qurub və samanla sobanın borusunu doldurub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən olunub".
Kənd icra nümayəndəsi ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb:
"Ailənin başçısı təsərrüfatla məşğul olurdu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmət adamı idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq".
Milli.Az