Yüksək təzyiqin dərmanı tapıldı - Alimlərdən araşdırma

21 Aprel 2025 21:26

Yüksək qan təzyiqini idarə etmək üçün illərdir duz istehlakını azaltmaq tövsiyə olunur. Ancaq yeni araşdırmalar bunun tək başına kifayət etmədiyini ortaya qoyub. 

Milli.Az xəbər verir ki, Kanadanın Vaterloo Universitetindən prof. Anita Laytonun rəhbərlik etdiyi araşdırmaya görə, kaliumla zəngin qidaların qəbulu qan təzyiqində çox daha təsirli rol oynaya bilər.

"Araşdırmalarımız göstərir ki, natriumu azaltmaqdansa, banan və ya brokoli kimi kaliumla zəngin qidaların istehlakı qan təzyiqinə daha müsbət təsir göstərə bilər", - deyə professor bildirib.  

Yeni tapıntılar gündəlik qida rasionumuzda kalium və natrium arasındakı tarazlığın yüksək təzyiqin idarə edilməsində əsas rol oynadığını göstərir. Banan, kartof, ispanaq və avokado kimi kaliumla zəngin qidalar qan təzyiqini aşağı salmağa kömək edir. İşlənmiş qidalar, fast food, pizza və çörək kimi qidalar yüksək miqdarda natrium ehtiva edir.

Araşdırmaya görə, kalium qəbulunun artırılması orqanizmdən artıq natriumu aradan qaldırmağa kömək edir. Bu, qan təzyiqinin tarazlaşdırılmasında mühüm bir addım olaraq görülür.

Tədqiqatçılar qeyd edirlər ki, pəhrizdəki natrium-kalium nisbəti yalnız natriuma diqqət yetirməkdənsə, yüksək təzyiqin daha dəqiq göstəricisi ola bilər. Müasir Qərb pəhrizləri çox vaxt natriumda yüksək və kaliumda aşağı olduğundan, bu balanssızlıq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Araşdırmada həmçinin vurğulanıb ki, kişilər hipertansiyona daha çox meyllidirlər, lakin onlar pəhrizlərini kaliumla zənginləşdirməklə bu riski azalda bilərlər. (Unikal)

Milli.Az