Xəbər verdiyimiz kimi, bu gün Papa Fransiski 88 yaşında vəfat edib. Katolik Kilsəsi yeni lider seçmək üçün Papa Konklavına toplanır. Bütün dünyanın gözü 1,4 milyard katolikin ruhani liderini müəyyən edəcək bu seçkiyə yönəlib. Seçki zamanı kardinallar Sikstin kapellasında gizli səsvermə yolu ilə qərar verəcəklər. Yeni Papanın seçilməsi üçün üçdə iki səs çoxluğu tələb olunur.
Milli.Az xəbər verir ki, ekspertlər bu dəfə Asiyalı və ya Afrikalı bir papanın seçilə biləcəyini istisna etmir. Hazırda bukmekerlərin favorit namizədi 67 yaşlı filippinli kardinal Luis Antonio Taqledir. O, aborta qarşı sərt mövqeyinə baxmayaraq, gey və boşanmış cütlüklərə qarşı daha anlayışlı yanaşması ilə tanınır. Eyni zamanda, Katolikliyin sürətlə yayıldığı Asiyada kilsənin mövqeyini möhkəmləndirə biləcək bir sima hesab olunur.
Digər güclü namizəd isə Qanadan olan 76 yaşlı kardinal Peter Turksondur. O, ilk qaradərili Papa ola bilər. Turkson bir tərəfdən Afrikadakı ənənəvi dəyərləri müdafiə edir, digər tərəfdən isə qitədəki anti-homoseksual qanunlara qarşı çıxışı ilə orta xətti qorumağa çalışır.
Digər mümkün namizədlər kimlərdir?
Pietro Parolin (70 yaş, İtaliya): Vatikanın "insayder"i sayılır, Papa Fransiskin kardinal dövlət katibi olub.
Peter Erdo (72 yaş, Macarıstan): Mühafizəkar Şərqi Avropa qanadını təmsil edir.
Xose Tolentino (59 yaş, Portuqaliya): Gənc yaşı və açıqfikirli mövqeyi ilə diqqət çəkir.
Matteo Zuppi (69 yaş, İtaliya): Ukrayna münaqişəsində Vatikanın sülh elçisi kimi iştirak edib.
Mario Qrex (68 yaş, Malta): Yenilikçi və ənənəvi yanaşmaları balanslaşdırır.
Robert Sara (79 yaş, Fransız Qvineyası): Güclü ad olsa da, yaşı əsas maneə sayılır.
Fidan
Milli.Az