Bu avtomobil UCUZLAŞDI

21 Aprel 2025 18:00

Son dövrlərdə elektrikli avtomobil bazarında yaşanan durğunluq və tələb azlığı bir sıra böyük istehsalçıları istehsal planlarına yenidən baxmağa vadar edib. Bu tendensiyadan təsirlənən nəhəng texnoloji avtomobil şirkəti "Tesla" da satış rəqəmlərindəki kəskin azalma fonunda strateji dəyişikliklərə başlayıb. Xüsusilə də, şirkətin böyük səs-küylə təqdim etdiyi "Cybertruck" modeli ilə bağlı istehsal planlarında ciddi azalmalar müşahidə olunur.

Milli.Az xəbər verir ki, "Tesla" son aylarda "Cybertruck" istehsal xəttində fəaliyyətini xeyli məhdudlaşdırıb. Şirkət daxilindən əldə edilən məlumata əsasən, bəzi istehsal xətləri yalnız minimal səviyyədə işləyir, işçi heyəti isə əhəmiyyətli dərəcədə azaldılıb. Bununla yanaşı, bir sıra əməkdaşlar "Cybertruck" istehsalından çıxarılaraq "Model Y" xəttinə yönləndirilib.

Bu qərarın arxasında duran əsas səbəblərdən biri kimi bazarda bu modelə olan tələbin gözlənilən səviyyədə olmaması göstərilir. 

Məlumata görə, 2025-ci ilin ilk rübündə "Tesla" cəmi 6406 ədəd "Cybertruck" satıb ki, bu da əvvəlki rüblə müqayisədə təxminən yarıbayarı azalma deməkdir. Halbuki, avtomobil istehsalına başlamazdan əvvəl İlon Mask bu modelə bir milyondan artıq ön sifariş olduğunu bildirmişdi.

Bununla belə, mövcud rəqəmlər göstərir ki, 2025-ci ilin mart ayının 20-nə qədər istehsal olunan "Cybertruck"ların sayı 50 min ədəddən az olub. Xatırladaq ki, bu modelin kütləvi istehsalına 2023-cü ilin yayında start verilib. Aprel ayında isə "Tesla" bu avtomobilin bazar üçün ən əlçatan - 69 990 dollarlıq versiyasını təqdim edib.

Bu səbəbdən də bu modellərin qiyməti bazarda xeyli ucuzlaşıb. 

Asya
Milli.Az