300 bal toplayan ŞAGİRD - Nə telefonu var, nə də sosial şəbəkələrə girir - FOTO

20 Aprel 2025 12:53

"Sosial şəbəkələrdən istifadə etmirəm, boş vaxtlarımda mental sağlamlığımı güclü saxlamağa çalışıram"

Milli.Az xəbər verir ki, bu sözləri azedu.az-a müsahibəsində 300 bal toplayan Bakı şəhəri, 204 saylı orta məktəbin şagirdi Qoşqarov Müzəffər Qədir oğlu deyib.

700 bala namizəd olan Müzəffərlə müsahibəni təqdim edirik.

- Maksimum bal toplayacağını əvvəldən təxmin edirdin?

-  Əlbəttə, gözləyirdim, çünki mənə görə hər əziyyətin sonu uğurla nəticələnir.

- Etalon cavabları yoxladıqdan sonra təxminən neçə bal toplayacağını düşünürdün?
- Cavabları yoxladıqdan sonra özümdən 290-dan çox bal gözləyirdim.

- Təhsil alacağın ixtisası və universiteti seçmisən?
- ⁠Hədəfim Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olmaqdır. Bunun üçün əlimdən gələni edirəm.

- Gələcək üçün qarşıya qoyduğun əsas hədəflər nələrdir?
- Ali təhsilimi müvəffəqiyyətlə başa vurub, xarici ölkədə magistratura təhsili almaq istəyirəm. Təhsilli gənc kimi vətənim, xalqım, millətim üçün töhfələr vermək fikrindəyəm.

- Bildiyim qədərilə şəxsi telefonunun yoxdur. Bunun səbəbi nədir? 
- Bəli, şəxsi telefonum yoxdur. Çünki şəxsi buna ehtiyac duymurdum. Sosial şəbəkələrdən isə istifadə etmirəm. Boş vaxtlarımda mental sağlamlığımı güclü saxlamağa çalışıram.

- Biz, ancaq sənin uğurunu, qalibiyyətini görürük, amma maksimum bal toplamağın arxasında görünməyən çətinliklər də gizlənir. Sənə görə, yüksək nəticə əldə etməyin təməlində nə dayanır?
- Mənim ⁠uğurumun sirri davamlı əzmlə çalışmaq, iradəli olmaq, özümə və Allaha inanmaqdır.

- Yəqin ki, bu uğur IX sinif buraxılış imtahanında da özünü göstərib. 2 il əvvəl neçə bal toplamışdın?
- IX sinif buraxılış imtahanında ⁠263.7 bal toplamışdım.

- Ən böyük arzun nədir?
- Ən böyük arzum Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi fakültəsinə qəbul olmaqdır.

- İmtahana qədər gündə neçə saat dərs oxumusan?
- Gün ərzində 5-6 saat, imtahana yaxın vaxtda isə daha çox vaxt sərf edirdim.

- Repetitor yanına gedirdin?
- Əslində, məktəb müəllimlərimin və rəhbərliyin çəkdiyi əziyyətlər danılmazdır. Ancaq daha çox uğur əldə etmək üçün 10-cu sinifdən hazırlığa getmişəm. Lakin məktəbə getmədən yalnız hazırlıq dərsləri ilə məşğul olmaqla yüksək nəticə əldə etmək mümkün deyil.

Milli.Az