Mazda bu modelin istehsalını dayandırdı - Trampa görə

18 Aprel 2025 16:12

ABŞ Prezidenti Donald Trampın xaricdə istehsal olunan avtomobillərə tətbiq etdiyi 25% əlavə gömrük vergisi qərarı avtomobil bazarında balansı pozub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yapon avtomobil istehsalçısı "Mazda" əlavə tariflərə qarşı müvəqqəti tədbir olaraq ABŞ-də istehsal etdiyi bir modelin Kanadaya ixracını dayandırma qərarını alıb.

"Mazda" 12 may tarixindən etibarən Alabama ştatında yerləşən zavodunda Kanada üçün istehsal olunan CX-50 idman avtomobilinin istehsalını dayandıracaq. Bununla yanaşı, Kanada xaricindəki bazarlara olan CX-50 istehsalı davam edəcək.

Bu qərar əvvəllər Nikkei tərəfindən bildirilmişdi. Trampın idxal avtomobillərinə və ehtiyat hissələrinə tətbiq etdiyi 25%-lik gömrük vergiləri və Kanadanın cavab addımları "Mazda" və digər xarici markalar üzərində mənfi təsir göstərib. "Toyota Motor Corp." hal-hazırda istehsalına davam edəcəyini açıqlayıb, "Nissan Motor Co." isə Meksikada istehsal olunan SUV modellərinin ABŞ-yə göndərilməsini dayandırıb. "Honda Motor Co." isə çərşənbə günü "Civic" modelinin hibrid versiyasının istehsalını Yaponiyadan ABŞ-yə köçürəcəyini açıqlayıb.

Musa
Milli.Az