İran prezidenti bu tarixdə Azərbaycana gəlir

18 Aprel 2025 13:40

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen Hökumət və Özəl Sektor Dialoqu Şurasının iclasında deyib.

Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alacaq.

Pirmoəzzen əlavə edib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektorun nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.

Palata rəsmisi qeyd edib ki, İran və Azərbaycan arasında körpünün istifadəyə verilməsi (Ağbənd-Kəlalə) ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək.

Qeyd edək ki, bundan əvvəl İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilmişdi ki, İran Prezidenti Məsud Pezeşkian aprel ayında Azərbaycana dövlət səfərinə gələcək. Səfər çərçivəsində Azərbaycan-İran biznes-forumunun keçiriləcəyi, bir sıra sənədlərin imzalanmasının nəzərdə tutulduğu qeyd edilmişdi.

Milli.Az