Əxlaqsızlığa görə tutulan 85 yaşlı kişi molladır? - yenilənib

19 Aprel 2025 00:06

00:06

"Sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə "Nuhçıxan" İnformasiya Agentliyinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bildirib.

Onun sözlərinə görə, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan hər hansı dini icmanın üzvüdür.

"Buna görə də onun din xadimi kimi təqdim olunması tamamilə əsassızdır", - deyə Əli Orucov vurğulayıb.

---------------
2025.04.18

Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü B.Həsənov (bütün soyadlar şərti) həbs edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, B.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 14 aprel tarixli hökmü ilə 4 il 6 ay müddətə həbs cəzasına məhkum edilib.

O, Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib və məhkəmə zalındaca qandallanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, B.Həsənov xeyli müddət qonşuluqda yaşayan qohumu, ağır dərəcəli əqli geriliyi olan birinci qrup əlil 1979-cu il təvəllüdlü S.Məmmədova qarşı xeyli müddət zorakılıq hərəkətləri edib. Fakt üzə çıxdıqdan sonra cinayət işi açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində B.Həsənov törətdiyi əməlin yaşına uyğun olmadığını deyərək üzr istəyib və bağışlanmasını xahiş edib.

Qeyd edək ki, bu ilin yanvarında da Naxçıvanda oxşar əməlləri törədən digər mollaya da hökm oxunmuşdu.

Milli.Az