Castinin 20 milyon borcu var imiş

19 Aprel 2025 00:36

Dünya şöhrətli pop ulduz Castin Biber adının ətrafında yenidən maliyyə qalmaqalları dolaşır. Son günlər müğənninin 20 milyon dollar borcu olduğu iddiaları sosial mediada və mətbuatda böyük rezonans doğurub.

İddialara görə, Biberin bu qədər borca düşməsinin səbəbi onun 2023-cü ildə ləğv edilmiş "Justice World Tour" adlı dünya turudur. Turun əvvəlcə 2020-ci ildə başlaması nəzərdə tutulsa da, pandemiya səbəbilə təxirə salınmış, daha sonra isə müğənninin Ramsay Hunt sindromuna (üz iflicinə səbəb olan xəstəlik) tutulması ilə tamamilə dayandırılmışdı.

Məşhur "The Hollywood Reporter" nəşri bildirir ki, Biberin PR işləri ilə məşğul olan şirkət, musiqiçinin turun ləğvi səbəbindən təxminən 20 milyon dollarlıq maliyyə itkisi ilə üzləşdiyini açıqlayıb.

Lakin müğənninin komandası bu məlumatları qətiyyətlə təkzib edir. 

Fidan
Milli.Az