Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiq etdi

18 Aprel 2025 11:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökümətləri arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müvafiq qərar "Resmi Gazete"də dərc edilib.

Sözügedən saziş ötən ilin 14 may tarixində İstanbulda imzalanıb. Prezident İlham Əliyev bu Sazişi 8 iyul 2024-cü il tarixində təsdiq edib.

Qeyd edək ki, Saziş çərçivəsində tərəflər Azərbaycandan və üçüncü ölkələrdən öz əraziləri vasitəsilə təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Həmçinin tərəflər Azərbaycandan Türkiyəyə və (və ya) Türkiyə vasitəsilə üçüncü ölkələrə çatdırılacaq mövcud həcmlərdən əlavə təbii qazın ümumi həcminin ən azı 40%-nin "Azərbaycan Qaz Təchizatı Şirkəti" və "BOTAŞ" arasında 2011-ci il 25 oktyabr tarixli "Təbiiqazın alqı-satqısı Müqaviləsi" ilə eyni kommersiya qayda və şərtləri əsasında BOTAŞ-a təklif edilməsini ("40-60 prinsipi") təmin edirlər.

Bundan əlavə, tərəflər öz milli neft-qaz şirkətləri SOCAR və BOTAŞ vasitəsilə aşağıdakı müddəalarla bağlı əməkdaşlıq etməyə və onları bu Saziş ilə müəyyən edilmiş prinsiplər və şərtlərə əsasən həyata keçirməyə razılaşırlar:

- Türkgözü çatdırılma məntəqəsində Azərbaycandan Türkiyəyə təbii qazın çatdırılması və eyni həcmdə təbii qazın Malkoçlar çatdırılma məntəqəsində mübadilə müqaviləsi yolu ilə yenidən çatdırılması ("Türkgözü-Malkoçlar mübadilə müqaviləsi").

- BOTAŞ-ın "Şahdəniz" layihəsindən satın aldığı həcmlərdən SOCAR-ın Türkiyədə fəaliyyət göstərən törəmə müəssisələrinə təbii qazı ardıcıl əsasda təchiz etməsi ("Ardıcıl alqı-satqı müqaviləsi").

- BOTAŞ-a məxsus təbii qazın Türkmənistandan İran, Azərbaycan və (və ya) Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə çatdırılması ("Türkmənistan qazının tranziti").

- İğdır-Naxçıvan kəməri vasitəsilə Naxçıvana təbii qazın təchizatı ("Naxçıvana təchizat").

- Malkoçlar və Kipi qaz çatdırılma çıxış məntəqələrinin genişləndirilməsi ("Çıxış məntəqələrinin genişləndirilməsi").

- TANAP və Cənubi Qafqaz Boru Kəmərinin ("CQBK") genişləndirilməsi ("TANAP və CQBK-nin genişləndirilməsi").

- "Azərbaycan Qaz Təchizatı Şirkəti" və BOTAŞ arasında 2021-ci il 30 sentyabr tarixli "Təbii qazın alqı-satqı Müqaviləsi"nin müddəti başa çatdıqdan sonra Türkgözü çatdırılma məntəqəsində BOTAŞ-a təbii qazın təchizatı ("Rollover qaz müqaviləsindən sonrakı qaz təchizatı").

Sazişin tam mətni ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

Milli.Az