Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadı çıxarmağa hazır olması barədə açıqlaması ilk baxışda görünməmiş bir addım təsiri bağışlaya bilər. Fəqət, sadəcə ilk baxışda.
Çünki siyasətdə və beynəlxalq hüquqda niyyətlər, açıqlamalar və bəyanatlar hələ hər şey demək deil. Gərçi İrəvan ritorikasını hüquqi baxımdan təsbit olunmuş reallığa çevirməzsə, Azərbaycanla sülh prosesində irəliləyişdən danışmaq hələ tezdir. Üstəlik, həm də yersizdir.
Cənubi Qafqazın siyasi xəritəsində Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsi qədər sülh mühitini zəhərləyən ikinci bir sənəd yoxdur. Bu bəyannamə Azərbaycanın suveren ərazisinin hüquqi baxımdan təftişinə "milli məqsəd", az qala ermənilərin ideoloji hədəfi donunu geyindirərək, illərlə davam edən münaqişənin qeyri-rəsmi episentrinə çevrilib.
1995-ci ildə referendumla qəbul olunmuş qüvvədəki Ermənistan Konstitusiyasının preambulasında həmin bəyannaməyə istinad edilməsi isə bu sənədi Ermənistanın Qarabağ üzərində ərazi iddialarının ideoloji və hüquqi təməli kimi təqdim edir. Konstitusiyada açıq şəkildə "birləşmə" sözü işlənməsə də, Müstəqillik Bəyannaməsinə istinad dolayısı ilə beynəlxalq hüquqdan və legitimlik çərçivəsindən kənarda qəbul edilmiş separatçı qərarları qanuniləşdirməyə cəhd kimi çıxış edir.
Rəsmi Bakının mövqeyi bu məsələdə hər zaman qəti və dəyişməz olub: Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı hətta dolayı işarələr olduğu müddətcə sülh mümkün deyil.
Biz öz torpaqlarımıza iddia edən bir dövlətlə sülh sazişi imzalaya bilmərik. Əvvəlcə Konstitusiya dəyişməlidir, sonra saziş - bu ardıcıllıq müzakirə mövzusu deyil.
Erməni siyasi riyaziyyatında referendum, seçki və ikili məğlubiyyət riski bir araya gəlib. Nikol Paşinyan ilk dəfə 2025-ci ilin martında bu istinadın Konstitusiyadan çıxarılmasına hazır olduğunu bəyan etdi. Fəqət bu bəyanat nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə reaksiya doğurdu və dəyişikliklərin özü 2026-cı ilə - parlament seçkiləri və referendumla birlikdə təxirə salındı.
Burada söhbət təkcə hüquqi manevrdən deyil, həm də sürüşkən seçici çoxluğuna yönəlmiş siyasi bahisdən gedir. MPG və "Gallup International"ın birgə sorğusuna görə, 2025-ci ilin martında Paşinyan hökumətinə etimad səviyyəsi cəmi 28 faizə düşüb.
Bu zaman Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "Hayastan" və "Şərəfim var" kimi müxalif bloklar isə Qarabağ ətrafında millətçi ritorika vasitəsilə dəstək qazanmaqdadır.
Görünən odur ki, Paşinyan özünün bir vaxtlar istinad etdiyi həmin bəyannamənin girovuna çevrilib: bir tərəfdə Bakının şərtlərini yerinə yetirmək zərurəti, digər tərəfdə isə hakimiyyətin itirilməsi qorxusu dayanır. Paradoks ondadır ki, bu sənəddən imtina - onu siyasi səhnəyə daşıyan platformadan uzaqlaşmaq - Paşinyan üçün karyerasının və hətta fiziki mövcudluğunun sonu demək ola bilər.
Beynəlxalq fonda reaksiyalar isə geosiyasi cəbhələşmə ilə müəyyən olunur. Avropa İttifaqı Paşinyanın bəyanatını ehtiyatla alqışlayaraq bunu sabitliyə və regional əməkdaşlıq formatlarının, xüsusilə "tranzit marşrutlar və dəhlizlərin açılmasına töhfə verə biləcək addım" kimi qiymətləndirdi.
ABŞ Dövlət Departamenti isə "uzunmüddətli sülhə töhfə verən konstitusiya islahatlarını" dəstəklədiyini bildirdi.
Halonki "Crisis Group"un analitiki Tom de Vaal qeyd edir: "Əsas məsələ ritorika deyil, hüquqi dəqiqlikdir. Onsuz bu növbəti siyasi duman olacaq - alov olmadan".
Rusiya hazırda proseslərə zahirən nümayişkaranə şəkildə məsafə saxlayır. Moskva üçün əsas olan Ermənistan Konstitusiyasının mətnindən çox, danışıqlar prosesində nəzarətin itirilməsidir. Kreml danışıqlara qayıtmağın yeganə yolunu ATƏT-in Minsk Qrupunun arxitekturasının bərpasında görür ki, bu da Bakı üçün tamamilə qəbuledilməzdir.
Səbəb bəlli və sadədir: Minsk Qrupu ölüb, tarixin zibillliyinə atılıb. Kiminsə onu yeraltı diplomatik gedişlərlə diriltmək istəməsi - bu, sadəcə özünüaldatmadır. Rəsmi Bakı köhnə illüziyaların yeni həyata qayıtmasına imkan verməyəcək.
Türkiyə Azərbaycanın mövqeyini tam dəstəkləyərək bildirir ki, ermənilərin konstitusion revizionizmi bölgədə sülhün təməli ola bilməz.
İrana gəldikdə, Tehrandakı rejim "bölgədə sərhədlərin dəyişməsinə qarşı ənənəvi mövqe"yini saxlayaraq, susqunluq nümayiş etdirir.
Zira İrəvanın ərazi iddialarının tanınması Tehran üçün regiondakı həssas məsələlərin - xüsusilə də etnik və sərhəd problemlərinin - Pandora qutusunu aça bilər.
Beləliklə, Ermənistan Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də İrəvanın revanşist keçmişi ilə siyasi gələcəyi arasında sıxışıb qalmış bir güzgüdür. Bu güzgüdə əks olunan isə, sülhə doğru atılan real addım deyil, hələlik yalnız ritorikanın kölgəsidir.
Ermənistan Konstitusiyasında yer alan həmin mübahisəli ifadənin əsl mahiyyətini anlamaq üçün bu ritorikanın hüquqi mənşəyinə qayıtmaq vacibdir. Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi Müstəqillik Bəyannaməsi - SSRİ hələ dağılmamışkən tələsik qəbul olunmuş bu sənəd - birbaşa şəkildə Dağlıq Qarabağın Azərbaycan SSR-dən "çıxması" barədə həmin dövrün regional sovet qurumlarının qondarma "qərar"larına istinad edirdi. Bu qərar isə həm SSRİ-nin, həm də Azərbaycan SSR-in Konstitusiyalarını pozmaqla qəbul olunmuşdu və beynəlxalq hüquq baxımından heç vaxt tanınmayıb - tam anlamı ilə hüquqi absurd sayılır.
"Chatham House" eksperti Lourens Broersin fikrincə: "1990-cı il Bəyannaməsi beynəlxalq hüquqi sənəd yox, siyasi səfərbərliyin bir hissəsi idi. Onun Konstitusiyada saxlanması, hətta sakitlik illərində belə, gizli revanşizmin siqnalı olub".
Bu Bəyannamənin 1995-ci ildə Ermənistan Konstitusiyasına salınması təkcə hüquqi anomaliyanı dondurmadı, həm də onu beynəlxalq hüquq sisteminə - xüsusilə Helsinki Yekun Aktı (1975) ilə təsbit olunmuş sərhədlərin toxunulmazlığı prinsipinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə - qarşı institusional çağırışa çevirdi.
Məzkur addımın təşəbbüskarlarından biri isə həmin dövrün siyasi fiquru, daha sonra Ermənistanın prezidenti olacaq Robert Koçaryan idi. Qarabağdan olan separatçı lider, SSRİ-nin süqutu dövründə "qurtuluş mübarizəsi" şüarı altında çıxış edərək, beynəlxalq hüquqa qarşı çıxan siyasi kursun əsas memarlarından biri kimi tarixə düşüb.
Məhz onun rəhbərlik etdiyi dövrdə - 1990-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində - Müstəqillik Bəyannaməsinin Konstitusiyaya salınması və Qarabağla bağlı iddiaların "dövlət siyasəti" formasında möhkəmləndirilməsi baş verdi. Koçaryan Ermənistan siyasətinə revizionizmi yalnız gətirmədi, onu normallaşdırdı və sistemləşdirdi. Onun prezidentliyi dövründə sülh prosesinə dair hər hansı irəliləyiş mümkün olmadı, çünki özü bu ideoloji xəttin davamçısı və güclü müdafiəçisi idi.
Hətta bu gün də Robert Köçəryan və onun liderlik etdiyi "Ermənistan" blokunun sivil ritorikasının mərkəzində 1990-cı il Bəyannaməsinə sədaqət dayanır. Bu isə bir daha sübut edir ki, Konstitusiyada sadəcə bir istinad kimi görünən mətn, əslində, revanşistlərin hüquqi dayağı, siyasi aləti və daxili ideoloji silahıdır.
Minsk qrupunun siyasi tələsi: ləğv etmək, yoxsa "qalıq" kimi saxlayıb siyasi şantaj vasitəsinə çevirmək?
Ayrı bir məsələnin adı isə ATƏT-in Minsk Qrupudur. 2020-ci ildən sonra bu qurum faktiki olaraq fəaliyyətini dayandırsa da, de-yure hələ də formal status-kvonu təmsil edən element kimi saxlanılır. Azərbaycan üçün bu, qəbuledilməzdir. ABŞ, Fransa və Rusiya kimi fərqli geosiyasi gündəmlərə malik ölkələrin həmsədrlik etdiyi institutun saxlanması onu münaqişənin həlli alətinə deyil, siyasi təzyiq mexanizminə çevirir.
Buna baxmayaraq, Paşinyan bu artıq fəaliyyətsiz qurumun "rəsmi ləğvini" sülh sazişinin imzalanması ilə şərtləndirir. Bu isə hüquqi əsası olmayan, prosedura üzərində alverdən başqa bir şey deyil. Minsk Qrupunun ləğvi iki ölkə arasında razılaşmadan deyil, münaqişənin hüquqi baxımdan yekun həllinin qəbul edilməsindən doğmalıdır.
"Carnegie Europe"un ekspertləri haqlı olaraq vurğulayırlar: "Fəaliyyət predmeti olmayan Minsk Qrupunun saxlanması - bu absurddur. Belə absurd isə münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq istəyənlərin maraqlarına xidmət edir". Azərbaycan isə israr edir: münaqişə arxitekturası hüquqi baxımdan sökülməyincə sülh mümkün deyil.
Mövcud mənzərə fonunda Ermənistanın Konstitusiyada dəyişiklik təşəbbüsü - zəmanət deyil, yalnız bir fürsətdir. Referendum keçirilməyənədək (təxminən 2026-cı ilin mayında) Paşinyanın bu barədə verdiyi hər hansı bəyanat sadəcə siyasi manifestdən ibarətdir. Paşinyan Qərbə özünü rasional aktor kimi təqdim etməyə çalışır - guya "tarixi həqiqəti qəbul etməyə" hazırdır. Amma reallıq odur ki, onun daxili siyasi dayaqları zəifləyib və Azərbaycanla hər hansı kompromisə doğru atılan hər bir addım ölkə daxilində onun dayaqlarını sarsıdır.
Belə bir vəziyyətdə üç ssenari real görünür:
Referendum, ən azı 2026-cı ilin payızına qədər təxirə salına bilər; Müxalifət, o cümlədən, Koçaryanın rəhbərlik etdiyi blok "Qarabağ kartı" üzərindən təbliğat apararaq etiraz elektoratını səfərbər edə bilər; Konstitusiya islahatı bloklana, bununla da sülh sazişinin imzalanması dalana dirənə bilər.
... Nikol Paşinyan doğru istiqamətdə addım atır, amma bunu uçurumun üzərində ip üstü ilə hərəkət edən bir siyasətçi kimi edir - onun ayaqları altında revanşist qüvvələr, hüquqi arxailik və xarici təzyiqlər dayanır. Konstitusiyanı dəyişməyə hazır olduğunu bəyan etmək - bu taktiki gedişdir, strateji dönüş deyil. Hələ ki Müstəqillik Bəyannaməsinə istinad qüvvədədir, Minsk Qrupu isə rəsmən ləğv olunmayıb - demək, sülhə gedən yol hələ də qarşılıqlı inamsızlıq və şərtlər mozaikasından ibarətdir.
Azərbaycan öz mövqeyində qətidir: ərazi bütövlüyü məsələsində nə birbaşa, nə dolayı yolla heç bir kompromis mümkün deyil. Sülh sazişinin imzalanması yalnız aşağıdakı hallarda mümkündür: - Ermənistanın yeni Konstitusiyası qəbul olunar və orada Qarabağa dair heç bir hüquqi istinad yer almazsa, - Bütün ərazi iddialarından açıq və hüquqi şəkildə imtina edilərsə, - ATƏT-in Minsk Qrupu rəsmi şəkildə ləğv edilərsə.
Bu baş verməyənədək istənilən "irəliləyiş" yalnız miraşdır, marşrut deyil.
Əgər 2025 bəyanatlar ili oldusa, 2026 qərarlar ili olmalıdır.
Əks halda, Ermənistanın gələcək perspektivlərinə sübh yox, yenidən zülmət çökəcək.
Elçin Alıoğlu
Trend