Son günlər ölkə ərazisində müşahidə olunan aramsız yağışlar ciddi fəsadlara yol açıb. Nəqliyyatın hərəkəti iflic olub, yol infrastrukturu zədələnib, bir çox avtomobilə maddi ziyan dəyib. Yağışların təsiri ilə baş verən bu təbii fəlakət bir çox avtomobil sahibini çıxılmaz vəziyyətdə qoyub.
İndi isə hər kəsi bir sual düşündürür: Dəyən ziyanı kim qarşılayacaq?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirir ki, icbari sığorta yalnız yol nəqliyyat hadisəsi nəticəsində əmlak və sağlamlığa dəyən zərərləri ödəyir. Təbii fəlakətlərin qarşısını almaq çətin olsa da, bunun həlli mümkündür.
"Ağır yol-nəqliyyat hadisələrində, avtomobilin icbari sığorta növü yalnız digər tərəfə dəymiş zərərləri - yəni qarşı tərəfin əmlakına və sağlamlığına dəyən zərəri qarşılayır.
Əgər avtomobil sahiblərinin kasko sığortası varsa, bu halda heç bir əlavə xərcə məruz qalmazlar. Əks halda, ödəniləcək məbləğ avtomobilin modelinə və dəymiş zərərin böyüklüyünə bağlı olaraq dəyişir".
Asya
Milli.Az