Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu iş üzrə Ceyhunun xidmət etdiyi hərbi-hissənin komandiri, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev mühakimə edilib. Komandir əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görmədiyi, tibb xidməti rəisi isə onun səhhəti ilə əlaqədar məlumat vermədiyi üçün cinayət məsuliyyətinə cəlb ediliblər. Qeyd olunan səbəblərdən ikisi də vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib.
Hökmə əsasən, Samir Həziyev 4 , Aydın Quliyev isə 3 il müddətə azadlıqdan məhrum edilib. Bu günə qədər azadlıqda olan A.Quliyev məhkəmə zalında həbs edilib.
Hökmdən əvvvəl vəkillər Orxan Zeynalov və Kəramət Əliyev müdafiə çıxışlarında, müttəhimlər son sözlərində bəraət istəyiblər.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Naxçıvanda baş verib. Əsgər Ceyhun Hüseynov iyunun 9-da N saylı hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.
Ceyhun ali təhsilli olub. O, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib, 627 balla ADA Universitetinə qəbul olunub.
Milli.Az