Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkəmizdə ilk dəfə olaraq 6-25 iyun tarixlərində "Opera Günləri" adlı genişmiqyaslı layihəyə start verir.
Layihənin əsas məqsədi klassik musiqi sənətini daha geniş auditoriyaya çatdırmaq, gənc nəslə milli-mənəvi dəyərləri aşılayaraq opera janrını təbliğ etmək, eləcə də Azərbaycan mədəni həyatına yeni nəfəs gətirməkdir.
"Opera Günləri" çərçivəsində:
• Möhtəşəm opera tamaşalarının nümayişi,
• Tanınmış vokal ustalarının iştirakı ilə açıq ustad dərsləri,
• Elmi konfrans və ictimai müzakirələr,
• Regionlarda klassik musiqi ifaçılarının çıxışları,
• "İlin ən fəal tamaşaçısı" nominasiyası üzrə mükafatlandırma mərasimi keçiriləcək.
Bu layihə həm klassik musiqiyə olan marağın artırılması, həm də milli opera irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. "Opera Günləri" peşəkar sənətkarlar və gənc istedadlar üçün bir platforma yaradaraq, yeni nəsillə təcrübəli ifaçılar arasında yaradıcı dialoqun formalaşmasına şərait yaradacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək bu layihə sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Eyni zamanda, ölkəmizin mədəni həyatında yeni bir ənənənin əsasını qoymaq məqsədi daşıyır.
"Opera Günləri" - Mədəniyyətin yeni nəfəsi!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az