"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun tələbərlərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək.
Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilir ki, "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baxılan və həmin orqan (qurum) tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.
Milli.Az